Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq.

Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini - icraçı katib Əli Əhmədov Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, son illərdə Azərbaycanda Heydər Əliyevin siyasətinin və onun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində təhsil sahəsində çox böyük irəliləyişlər əldə edilib: "Təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Bu da öz bəhrəsini verməkdədir. İlham Əliyevin təhsilə xüsusi önəm verməsi heç də təsadüfi deyil".

Ə.Əhmədov bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir.

O hesab edir ki, bu gün dövlət siyasətində təhsilə önəm verilməsi gələcəkdə Azərbaycanın inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından çox ciddi, geniş meydan açacaq: "Bu gün elə bir ölkə tapmaq mümkün deyil ki, onun inkişafında təhsil qədər xüsusi rol oynayan başqa bir amil olsun. Hər bir ölkə öz inkişafına görə təhsilə borcludur. Bizim ən çox diqqət yetirməli olduğumuz məsələ də təhsilin Azərbaycanın ciddi fundamental əsasına çevrilməsidir".

Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan təhsilinin qarşısında duran vəzifələr genişdir: "Bu gün Azərbaycanın çox böyük təhsil ordusu - müəllimlər və şagirdlər təhsilin qarşısında duran vəzifələri dərk edə bilirlər. Təhsil Azərbaycanın ən qüdrətli, vacib inkişaf yollarından biri olacaq".