Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

Son illərdə Azərbaycanda əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb. Bu layihələr Xızı rayonunu da əhatə edib. Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yol da son illərdə kənd yollarının əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin ardıcıl xarakter aldığını nümayiş etdirir. Belə yollar rayonlarımızda turizmin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.

Unikal.org xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bu yolun tikintisi Prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.