Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, mayın 4-də Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Tovuz rayon Əlibəyli kənd sakini Kamran İmamquluzadə saxlanılıb.
Onun yaşadığı mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman həyatyanı sahədən xüsusi qulluq edilərək yetişdirilən 34 ədəd ümumi çəkisi 26.837 qram olan çətənə bitkisi, aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Kamran İmamquluzadə ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini ertiraf edib. Bundan başqa aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, saxlanılan şəxs 2012-ci ildə həmkəndlisinin evindən 30000 manat pulun oğurlanmasında da iştirak edib. Ona bu işdə Uluxan Cəfərov adında şəxs kömək edib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.