"Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMTvə onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur".
Unikal.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxışında deyib.
"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin təxminən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb.
İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm", - deyə, XİN başçısı vurğulayıb.