Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.
Tədbir II Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə iştirak edən, veteranlara DTX-nin şəxsi heyəti adından qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.
Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veriblər.
Xüsusi qeyd olunub ki, Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil edilən neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Əgər Azərbaycan nefti olmasaydı, faşizmin hərbi təcavüzünün nə ilə bitəcəyini demək çətin olardı.
Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.