Bu gün Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib. Burada inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir.
Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir. Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qovşağın inşasını texnoloji ardıcıllığa riayət olunmaqla aparıb. Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tunelin inşasında məqsəd günün pik saatlarında metronun "Koroğlu stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun "Koroğlu stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək. Dövlət başçısına məlumat verilib ki, yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində - Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan yolun bu hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir. Bu hissədə intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün üst qatında aşınmalar yaranmışdı. Bu səbəbdən də asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac yaranmışdı.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yola iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, bu işlər Sabunçu yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamətdə üç hərəkət zolağında aparılıb. Görülən təmir-tikinti işləri zamanı yol ayrıcında quraşdırılmış əyrixətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb, buraya yeni səki daşları düzülüb. Yeni-yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, mövcudlarının isə ən yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Bu layihələrin icrası, ilk növbədə, nəqliyyat vasitələrinin, eyni zamanda, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə mühüm töhfələr verir. Bütün bunlarla yanaşı, belə layihələrin paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə olan yolları əhatə etməsi Azərbaycana gələn qonaqlarda ölkəmizin ümumi sosial-iqtisadi inkişafı barədə xoş təəssürat yaradır. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycanda icra olunan yol layihələri istər miqyası, istər əhəmiyyəti, istərsə də keyfiyyəti ilə seçilir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın maraqları və sosial vəziyyəti dayanır.
09:29
Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.