Almaniyada sığınacaq almaq istəyən azərbaycanlı gənc orada yaşayan həmyerlilərimizə qarşı dələduzluq edib.

Unikal.org xəbər verir ki, zərərçəkənlərin BakiPost.az-a bildirib ki, İsmayılzadə Cavidan İlham oğlu adlı bu şəxs bir müddət əvvəl Almaniyaya gələrək, onların etimadını qazanıb və iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Hələlik adının çəkilməsini istəməyən həmin adamlardan biri Azərbaycanda kifayət qədər tanınmış şəxsdir.

C.İsmayılzadə onun nə az, nə çox düz 14 min avrosunu mənimsəyib.

Məlumata görə, silsilə dələduzluq edən bu şəxs, bir neçə gün əvvəl Almaniya polisi tərəfindən saxlanılıb. Buna səbəbsə Cavidanın yerli supermarketlərdən birindən oğurluq etməsi olub. Azərbaycandan fərqli olaraq, Almaniyada bu tip oğurluqlara görə insanlar cinayət məsuliyyətinə cəlb olunmadığından polislər onun oğurluq etməsi ilə bağlı inzibati protokol tərtib edib və sərbəst buraxıblar.

Cavidan İsmayılzadə ilə bağlı araşdırma apardıqda çox maraqlı məqamlar ortaya çıxır. Birinci diqqət çəkən məqam ondan ibarətdir ki, Cavidan vaxtilə Müsavat Partiyasının rəhbərliyində təmsil olunmuş, 22 noyabr 1995-ci ildə Müsavat Partiyasından verilmiş 04496 nömrəli vəsiqənin sahibi, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham Köçəri oğlu İsmayılovun oğludur. Daha çox sabiq MTN-çi kimi tanınan İlham İsmayılın ilk növbədə müsavatçı kimi təqdim etməyimizin əsas səbəbi odur ki, onun dələduzluqla məşğul olan oğlu, Avropada məhz Müsavat partiyasının üzvlük məsiqəsiylə sığınacaq almağa çalışır, ölkələr dolaşır.

3 sentyabr 1990-cı ildə anadan olmuş İsmayılzadə Cavidan 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinə qəbul olub. Azərbaycanda olduğu müddətdə bir neçə il vəzifəli şəxslərin bizneslərini idarə edib. Daha sonra Türkiyə, oradan isə Niderland Krallığına qaçıb. Niderland Krallığında qaldığı müddətdə orada da bir qrup azərbaycanlını aldadıb və Almaniyada yaşayan həmyerlilərimizdən birinin etimadını qazanaraq onun köməyi ilə Almaniyaya gedib. C.İsmayılzadə eyni hərəkətləri bu ölkədə də davam etdirib.

Daha maraqlı fakt isə onun Azərbaycanı niyə tərk etməsiylə bağlıdır. Məlum olur ki, onun Azərbaycanı tərk etməsi də dələduzluqla bağlı olub. C.İsmayılzadə barəsində cinayət işi açılıb və hətta İnterpol xətti ilə beynəlxalq axtarışa da verilib.

O vaxt (bu ilin may ayı) Azərbaycan mətbuatı azərbaycanlı gəncin axtarışa verildiyini yazsa da, xəbərlərdə həmin şəxsin İlham İsmayılın oğlu olduğu barədə heç bir məlumat qeyd olunmayıb. Cavidan İsmayılzadə barədə yayılan həmin xəbərdə deyilirdi: "3 sentyabr 1990-cı ildə anadan olmuş İsmayılzadə Cavidan İlham oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirli bilinir. Onun avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb pulunu mənimsədiyi bildirilir.

Qeyd edək ki, C.İsmayılzadə əvvəlcə ölkə ərazisində axtarılsa da, sonradan onun xaricə qaçdığı məlum olub. 26 yaşlı gəncin xarakterik əlamətləri İnterpolun axtarış portalındakı anketdə toplanıb.

Məsələ ilə bağlıBakiPost.az-a açıqlama verən İlham İsmayıl axtarışa verilən şəxsin oğlu olması faktını təsdiqləyib. Bildirib ki, sözügedən hadisə Azərbaycanda olub və artıq həllini tapıb:"O məsələ həll olunub. Dələduzluq məsələsi deyil. Kiçik bir şeydir, özləriylə danışıb həll etmişik. Məhkəmənin qərarı da var. Hissə-hissə ödənəcək.

İ.İsmayıl bildirib ki, oğlu Cavidanı İnterpol xətti ilə axtarışa vermək üçün pul ödəyiblər:"Mülki işlə interpolun axtarışına pul verib yazdırıblar. Məsələ tezliklə həll olunacaq, o zaman adı da interpolun axtarışından çıxacaq. Əgər elə bir ciddi şey olsaydı, interpol onu çoxdan tapıb göndərərdi. Bu, daxili axtarışdır.

Keçmiş MTN-çi Cavidan İsmayılovun hazırda Almaniyada yaşadığını, lakin orada dələduzluq etməsiylə bağlı hər-hansı məlumata malik olmadığını deyib:"Niderlandda elə bir şey olmayıb. Almaniyada da kiminsə etimadını qazanaraq yaşamaq mümkün deyil. Hökumət icazə verib, yaşayır.