Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.
Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi. Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.
Unikal.org xəbər verir ki, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Bildirilib ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.
Dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.
Zastavanın texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.