Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.
Bakı şəhərindən və bölgələrdən qəbula gələn məcburi köçkünlərlə mövcud problemlər, görülən işlərlə bağlı söhbətlər aparılıb. Onlar ayrı-ayrılıqda dinlənilib, qaldırılan məsələlərlə bağlı geniş izahat verilib.
Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğu nəzərə alınaraq qeyd olunub ki, ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir.
Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlər həyata keçirilir.
Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.
Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.