Bakıda kirayə mənzillər niyə bahalaşıb?
12:51 25-08-2012
CƏMİYYƏT
Bakıda kirayə mənzillər niyə bahalaşıb?
Yeni dərs ili ərəfəsində "ev bazar"ı od tutub yanır
Bir həftədən sonra Azərbaycanın təhsil müəssisələrində yeni tədris ili başlayacaq. Orta məktəb şagirdlərindən fərqli olaraq, ali məktəblərin tələbələri və onların valideynlərinin təhsil qayğılarına bir də kirayə ev tutmaq problemi əlavə olunacaq.
modern.az xəbər portalı yeni dərs ilinin astanasında tələbə və valideynlərin işini asanlaşdıraraq mənzil bazarındakı vəziyyəti öyrənib. Elə bu məqsədlə də metronun "Neftçilər" stansiyasının yaxınlığındakı ev bazarına baş çəkərək kirayə qiymətləri ilə maraqlandıq.
Ənənəvi qiymət artımı
İlk olaraq onu deyə bilərik ki, hər il olduğu kimi, bu tədris ili ərəfəsində paytaxta kirayə evlərin qiyməti artıb. Bu səbəbdən də bölgələrdən gələn tələblər münasib qiymətə mənzil kirayələmək üçün günlərlə vaxt itirməli olurlar. Paytaxt üzrə göstəricilərə əsasən deyə bilərik ki, şəhərin mərkəzi hissələrdə və ya metrostansiyaları yaxınlığındakı evlər müştərilərə daha baha qiymətə təklif olunur. Burada aylıq kirayə haqqı nə az nə çox 200 manatdan 500 manatadək dəyişir.
Yeni dərs ili başladığından və bölgələrdən paytaxta tələbə axını olduğundan vəziyyətdən sui-istifadə edən ev sahibləri kirayə qiymətlərini müştərilərinə beş qat baha qiymətə təklif edirlər.
Kirayə ev verənlər də, ev götürənlər də deyirlər ki, kirayə bazarında qiymətlər bahalaşıb.
Tələbə tələbəliyin sevincini çıxara bilmir
Yeni tələbə adını qazanmış Elşad deyir ki, universitetə qəbul olunanda necə sevinmişdisə, ev axtarışına çıxandan bəri kefinə soğan doğranıb: "Tovuzdan gəlmişəm. Bir həftədir ev axtarıram. 200-250 manata olan evləri indi 300-350 manatdan aşağı təklif etmirlər. Aşağı qiymətə olan evlər isə çox pis şəraitdədir. Ucuz evlər ümumi həyət evləridir, ev sahibi, üstəlik 5-6 qonşu bir yerdə. Adamın puluna heyfi gəlir".
Valideyn Nurəddin Mirzəyev də neçə gündür Bakıdakı ev bazarını altını üstünə çevirib. Deyir ki, ali məktəbə qəbul olan qızı üçün 150 manata qədər ev axtarsa da, tapmır. Gedib baxdığı evlər isə onu dəhşətə gətirib: "Elə şəraitsiz evləri elə qiymətə deyirlər ki... Elə yerlərdə tələbə necə yaşasın. Orda hətta ən sağlam insan belə xəstəlik tapar. Paytaxtda, metroya yaxın yerlərdə də bir balaca yaxşı evləri 200-250 manata deyirlər. Hərdən elə olur ki, heç mənzilin pəncərəsi belə olmur. Amma qiymətinə gəlincə...".
Söhbətləşdiyimiz makler Vidadi Yunusov bildirdi ki, Bakıda kirayə mənzillərin qiymətindəki artım mənzillərin qiymətini də bahalaşdırıb. Buna səbəb isə son bir ayda kirayə evlərə olan tələbatın artmasıdır. Maklerin sözlərinə görə, kirayə ev axtaranlar əsasən rayondan gələn tələbələrdir: "Artıq demək olar ki, şəhərin mərkəzində münasib qiymətə kirayə ev tapmaq mümkün deyil. Bu səbəbdən də bölgədən gələn tələbələr əsasən üstünlüyü şəhər kənarında və Bakı kəndlərindəki kirayə mənzillərə verirlər. Bu ərazilərdə 150 manata mənzillər tapmaq mümkündür. Şəhərin mərkəzində isə əvvəllər müştərilərə 200-250 manata təklif olunan evləri indi 300-350 manatdan aşağı təklif etmirlər. Aşağı qiymətə olan evlər isə çox pis şəraitdədir".
Həmsöhbətimiz onu da bildirdi ki, kirayənişinin sayından asılı olaraq qiymətlər də dəyişir. Məsələn, beş nəfər tələbənin 2 otaqlı mənzildə qalması onlara 500 manata, 3 nəfərin qalması isə 300 manata başa gəlir.
Kirayə ev verənlər təhsil mövsümünü
səbirsizliklə gözləyir
Maklerliklə məşğul olan Kamran adlı həmsöhbətimiz deyir ki, son günlər qiymətlərin qalxması tələbələrin paytaxta axını ilə bağlıdır: "Bahalaşmaya normal baxıram. Hazırda Bakıya tələbə axını çoxdur. Ona görə də kirayə evlərə tələbat artıb. Bu da bahalaşmaya səbəb olur. Bahalaşmanın səbəbkarı isə maklerlər deyil, kirayə ev verənlərdir. Çünki onlar evlərini dərs mövsümündə baha qiymətə verəcəyi günü səbirsizliklə gözləyirlər".
Hətta ev alqı-satqısı ilə məşğul olanlar deyir ki, Bakının kirayə ev bazarında cüzi aktivlik və qiymət artımı hiss olunur. Proqnozlara görə, bu aktivlik sentyabrın ortalarında daha da artacaq. Ev axtaranlar evi ali məktəblərə yaxın ərazilərdə istədiyindən, həmin ərazilərdə qiymətlər daha çox qalxır. Bu ərazilərə əsasən, "Elmlər Akademiyası", "Nərimanov", "İnşaatçılar", "Gənclik" metrostansiyaları yaxınlığında, Azadlıq prospektində, Montin qəsəbəsində yerləşən evlər aiddir.
Mütəxəssislərə görə, payız aylarında tələbələrlə yanaşı, bölgələrdən işləmək üçün Bakıya xeyli əhali gəlir. Bu səbəbdən də kirayə evlərə tələbat artmış olur. Bu fürsəti isə işbazlar əldən vermək istəmir. Elə buna görə də yay mövsümündə metro stansiyaları yaxınlığında kirayə üçün 200 manata təklif edilən evlər payız girən kimi qəfildən 250-350 manat olur. Amma bununla belə mərkəzdən azacıq uzaq rayonlarda kirayə haqqı nisbətən ucuz olan ev tapmaq da olur. Bu ərazilərdə 1 otaqlı evlər 150, 2 otaqlı evlər 200, 3 otaqlı evlər 300 manatdır.
Kirayə qiymətlərinin bahalaşması mənzillərin qiymətinə də təsirsiz ötüşməyib. Belə ki, ötən il 45 min-ə təklif olunan "Kirov" tipli mənzillərin qiyməti indi 65 min-ə qədər bahalaşıb. Eləcədə qiymət artımı yeni tikililərə də aid olub. Belə ki, ötən il 100 min manata təklif olunan yeni mənzillər indi 120 min manata qədər bahalaşıb.
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16