Hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Cinayət hadisəsinə görə, təqsirləndirilən Aqşin Hüseynovun həyat yoldaşı Fərzanə Hüseynova Unikal.org-a danışıb. O, baş verən cinayət hadisəsində həyat yoldaşı Aqşin Hüseynovun günahsız olduğunu, Şücayət Əkbərovun günahı və cinayəti ucbatından həbsə atıldığını iddia edib.
-Akşin Şücayətin yanında nə vaxtdan işləyirdi?
-Akşin Şücayətlə bir yerdə böyük sahədə işləyirdilər. O deyirdi ki, həmin sahə tanımadığı bir adamındır. Akşin sora dedi ki, həmin ərazi Arif Alışanova məxsusu imiş. Yəni, Şücayətlə Akşin orda işçi kimi çalışırdılar. Bir neçə ildən sonra fermer təsərrüfatı genişləndirildi. Akşin də sürücü kimi orada çalışmağa başladı. Həyat yoldaşım sürücü kimi kənd təsərrüfatı məhsullarının aparıb-gətirilməsi ilə məşğul idi. Bir çox saytlar yazır ki, Akşinin də Arif müəllimə qarşı təşkil edilən sui-qəsdə rolu olub. Bu isə bizi çox narahat edir. Hazırda Akşinin iki körpə balası və mən çöllərdə qalmışıq. Hesab edirik ki, Akşinin bu sui-qəsdə adının hallanmasını qətiyyətlə pisləyir və buna etirazımızı bildiririk. Əgər Akşinin bundan xəbəri olsaydı, əvvəlcədən Arif müəllimə deyərdi. Buna əminəm. Akşinin bu sui-qəsd hazırlığında əli olmayıb.
-Bəs deyirlər ki, silahları o aparıb-gətirir və ən əsası gizlədirmiş. Bu yalandır?
-Xeyr. Akşin iki dəfə silahların yerini dəyişdirib. Şücayət Akşini aldadıb ki, Arif müəllimin həmin silahlardan xəbəri var. Ona görə, rahat-rahat bu silahların yerini dəyişib. Amma Akşinin bu silahlardan sui-qəsd hadisəsinə görə nəzərdə tutulmasından xəbəri olmayıb.
-Axı, Akşinə cinayət işi mütəşəkkil dəstə maddəsi ilə açılıb?
-Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi maddəsi ilə biz razı deyilik. Akşinə yalnız silah görüb, xəbər verməmək maddəsi ilə cinayət işi açıla bilərdi. Amma bunlarla birlikdə tutulmuşdu deyə, yuxarıdakı maddəni onun adına da əlavə ediblər.
-Siz hesab edirsiz ki, Şücayət Akşini aldadaraq ondan istifadə edib. Bu necə baş verə bilərdi?
-Akşin Şücayətlə işləyirdi 200-300 manat maaş alırdı. Bizim şəhərdə torpaq sahəmiz var idi. Şücayət söz vermişdi ki, evimizin tikilməsinə köməklik etmək üçün Arif müəllimdən xahiş edəcək. İcra nümayəndələri ilə də danışaraq, evimizin tikilməsinə icazə alacağına da söz vermişdi. Şücayətin boş-boş vədlərinə yoldaşım inanıb onun yanında işləməyə davam edirdi.
-Silahların necə yerini dəyişirmiş?
-Şücayət kirayədə yaşadığımız binanın həyətinə gələrək, gecə ilə Akşini həyətə düşürdü. Sonradan məlum oldu ki, Şücayət Akişini silah gətirməyə görə, gecə vaxtı həyətə düşürərək aparıb.
-Bunu sizə özü demişdi?
-Xeyr. Tutulandan sonra, müstəntiqə verdiyi ifadədə bilmişik. Həmin gecə Qoçəli Cəbiyev Zöhrab Şirinovdan silah götürəcəkmiş. Həmin gecə də, yoldaşımından avtomobili istəyiblər. Bu da avtomobili yeni yığdırdığına görə, maşını onlara verməyib. Sonda Akşini avtomobili ilə silah götürməyə razı salıblar. Akşinlə birlikdə gedib Zöhrabdan silahı götürüb, Mədrəsəyə gətiriblər. Həyat yoldaşım ümumilikdə silahla iki dəfə rastlaşıb. Birini yuxarıda qeyd etdim. Digərində isə Şücayət Akşinə deyib ki, get evin həyətində silah qoymuşam. Onu götür, Mədrəsədəki evin qarajında rəfə qoy.
-Bəs Arif Alışanovu onlar niyə öldürmək istəyiblər?
-Bununla bağlı xəbərim yoxdur. Onlar elə də yaxınlarım deyillər. İstintaqdan, ətrafdan eşitdiyim məlumata görə, onlar Arif Alışanovun küllü miqdarda pullarını yeyiblər. O, pullar ortalığa çıxmadığına görə, yəqin ki, bu sui-qəsdi təşkil etmək istəyiblər.
-Akşin bu məsələləri evdə danışırdımı?
-Yox, Akşin iş barəsində bizə heç nə danışmırdı. Yalnız o Arif müəllimin haqqında müsbət fikirlər səsləndirirdi. Onda bilirdik ki, Arif adda adam var. Amma bilmirdik ki, kimdi? Nəçidir? Akşin hər zaman deyirdi ki, o çox xeyirxah adamdır, müdrik insandır.
-Arif Alışanov Akşinə maddi dəstək olurdumu?
-Bəli, olurdu. Dəfələrlə Arif müəllimin işlərini görüb. Bir gün Şücayət ürəyindən əməliyyat keçirmişdi. Xəstəxanada yatdığı müddətdə onun işlərini Akşin aparırdı. Şücayət xəstələndiyi müddətdə Arif müəllimi Akşin özü qarşılayıb ona xidmət göstərirdi. Arif müəllim də Akşinə ilkin yardım etmişdi və demişdi ki, evin tikintisinə başla, sənə maddi dəstək olacam.
-Şücayətin aldığı torpaq və texnikalar sizin ailədə kiminsə adında olubmu?
-Xeyr. Şəxsən mənim adımda bir qarış torpaq, nə də ki texnika yoxdur. Ailəmizdə yalnız Akşinin adına traktor-kotan olub. Həmin texnika da Arif müəllimə məxsus idi, amma Aqşinin adına keçirilmişdi. O həmişə deyirdi ki, orda nə varsa, Arif müəllimindir, amma bizim adımıza rəsmiləşib.
-Bu texnika Akşinin adından çıxarıldımı?
-Yoldaşım əvvəlcə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. 3 gün orada qaldıqdan sonra azad olundu. Azad olunandan sonra Akşin rayona qayıtdı. Bundan sonra Arif müəllimin köməkçisinin adına mülki etibarnamə verdik. Bundan başqa, yoldaşımın adına heç nə yox idi.
-Siz məhkəmədə ifadənizdə bildirdiniz ki, təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinovun yaxınları tərəfindən təzyiqlər olur. Hazırda da bu təzyiqlər varmı?
- Əvvəl tutulanda, Şücayətin qızı bizə təzyiq göstərirdi. Məqsədi Akşinin vəkilinin dəyişməsi idi. Guya biz vəkilimizi dəyişib, onlar təklif edən vəkili tutaq. Qeyd edirdi ki, vəkiliniz pisdir. Dəyişsəniz yaxşı olacaq. Sonra qayınatamın evinə kənd adamlarını göndərir, bu təzyiqləri davam etdirirdi. Deyirdi ki, Akşin ifadəsini və vəkilini dəyişməlidir. Bu olmasa başı ağrıyacaq. Sonra mənim atamın evinə adam göndərməyə başladılar. Atam da təzyiq xəstəsidir, ona həyacanlanmaq, əsəbləşmək olmaz. Atama deyiblər ki, Akşin gizlətdiyi texnikaların sənədlərini qaytarsın, ifadəsini dəyişsin. Əks halda başınız ağrıyacaq. Belə fikirlərlə atama təzyiq göstərmişdilər.
-Bəs Akşin Zöhrabı, Qoçəlini hardan tanıyıb?
-Akşin, Zöhrab Şirinovu heç ümumiyyətlə tanımayıb. Onunla salam-kəlamı da olmayıb. O bizim qonşu kənddən olub. Tutulandan sonra Zöhrabı tanıyıb. O, özü də etiraf edib ki, bu adamı tanımayıb. Qoçəli Cəbiyevə gəldikdə isə o bu kəndin adamı olub. Amma Qoçəlinin Şücayətlə münasibəti yaxşı olmayıb. Onlar hər zaman münaqişədə olublar. Sonra onlar necə barışdılar bilmirəm. Amma onunla barışandan sonra, yoldaşım deyirdi ki, barışıqdan sonra vəziyyət pisləşib. Akşin də Şücayətin yaxşılığına deyirdi ki, Qoçəli ilə münasibət qurandan sonra başına gəlməyən oyunlar qalmadı.
-Nəticə olaraq məhkəmədən hansı qərarı gözləyirsiz?
-Bilrsiniz ki, Akşin 3 gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdı. 3 aydan sonra o, yenidən həbs edildi. Onun həbsi ailəmizə, iki körpə balasının başsız qalmasına gətirib çıxarıb. Hazırda maddi durumumuz çox pis haldadır. Birinci göydə Allaha, yerdə ölkə başçısı İlham Əliyevə, məhkəmədə Əfqan Hacıyevin ədalətinə inanaraq yoldaşıma bəraət verilməsini gözləyirəm. Bilirəm ki,yoldaşım silahları görüb, xəbər verməli idi. Amma Akşin o dərəcədə fikirləşməyib ki, bu onun üçün cinayətdir. Arif müəllimlə işlədiyinə görə, elə bilib ki, onun da bu silahlardan xəbəri var. Ən azından inanıram ki, iki körpə balasını, özünün xəstə olması nəzərə alınaraq ona bəraət veriləcək. Akşin Mədrəsədə yerləşən fermadan uşaqları üçün 1 litr süd gətirmirdi. Deyirdi ki, pulum yoxdur, olan kimi gətirəcəm. Uşaqlarıma haram yedizdirə bilmərəm. Hazırda evimizdə vəziyyət çox pisdir.
Orxan Həsənli