"Sərhəd qoşunları haqqında" qanuna dəyişiklik təklif olunur.
Unikal.org-un məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə "Sərhəd qoşunları haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı layihə göndərilib.
Layihəyə əsasən, qanunun adı dəyişdirilərək "Sərhəd mühafizə orqanları haqqında qanun kimi verilir.
Qanun layihəsinin birinci maddəsində bu cür qeyd edilir: "Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir".
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: "Azərbaycan Respublikasının sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
Qanuna edilən digər dəyişikliklərdə də bütün maddələr üzrə "sərhəd qoşunları" ifadəsi "sərhəd mühafizə orqanları" ifadəsi ilə əvəzlənir.
Layihə Milli Məclisin iyunun 12-də keçirilən növbədənkənar sessiyanın ilk iclasında müzakirəyə çıxarılacaq.