Beyləqan rayonunda qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə və qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinən Xocavənd sakini, 2000-ci il təvəllüdlü İsmayıl Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, İsmayıl Axundov 2016-cı ilin oktyabrında Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik qəsəbədə kustar üsulla soyuq silah hesab edilən vurucu-dağıdıcı xassəli kastet (beşbarmaq) hazırlayıb, 5 sentyabr 2017-ci il tarixədək onu üzərində gəzdirib.
Bundan başqa, İsmayıl Ağayev sentyabrın 1-də saat 23 radələrində məcburi köçkünlər üçün salınmış qəsəbənin qərb istiqamətindəki çıxışında sakinlərə paylanmış torpaq sahəsində Samir Kərimovla aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı onlar əlbəyaxa dava ediblər, dalaşıblar.
Həmin vaxt o, beşbarmaqla Samir Kərimova bir neçə xəsarət yetirib. Samir Kərimova ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən İsmayıl Ağayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 229.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İsmayıl Ağayev apelyasiya şikayəti verib.
O, şikayətində atasının olmamasını, anasının üçüncü qrup əlil olmasını, azyaşlı bacısının birinci qrup əlil olmasını, yetkinlik yaşına çatmamasını nəzərə alınmasını, ona daha yüngül cəza təyin edilməsini xahiş edib.
İsmayıl Ağayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.
Qərara görə, İsmayıl Ağayevin şikayəti qismən təmin edilib və onun cəzası 3 il 3 aya endirilib.