Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyul ayının 10-da növbəti hərrac baş tutacaq.
ƏMDK-dən unikal.org-a verilən məlumata görə, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var.
Budəfəki hərracda ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan kiçik dövlət müəssisə və obyektləri Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir.
"Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir. Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Çinar" soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı göstərmək olar. Belə ki, əhalinin kənd məhsullarına olan tələbatının yüksək olduğunu nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 980 kvadratmetrdən çox, torpaq sahəsi isə 26 min kvadratmetrdən artıqdır. Tikinti sahəsində betona olan tələbi təmin edərək gəlir götürmək üçün Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Beton və məhlul istehsal edən sahə uğurlu seçim ola bilər", - deyə məlumatda vurğulanıb.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 37-si Bakıda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 11 kvadratmetr ilə 154 kvadratmetr arasında dəyişir.
Ölkə vətəndaşları ilə bərabər, xarici investorlar da prosesə elektron hərrac vasitəsilə qoşula bilər.