Qarabağ danışıqlarında kardinal dönüş məqamı artıq çatıb. Dünənki Vyana təmasları bu yöndə müəyyən ümidlər yaradırdı. Bəs belə ümidlər nə dərəcədə əsaslıdır, vasitəçi güclər Güney Qafqazın üçüncü on ildir tüstülənən münaqişəsinin ədalətli həllində, nəhayət, ciddi irəliləyişə nail ola biləcəkmi? Təəssüf ki, suala pozitiv cavab üçün əsaslar neqativlərdən azdır. Politoloqlar da hələ ki nikbin deyillər, çünki irəliləyiş üçün ilk növbədə işğalçı Ermənistana Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi üçün təzyiqlər edilməlidir ki, bu da indilikdə müşahidə edilmir.

"Nə Rusiya, nə də böyük dövlətlər Dağlıq Qarabağ ətrafı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistana təzyiq etmək istəyirlər". Bunu politoloq Elxan Şahinoğlu öz şərhində yazıb. Onun fikrincə, ATƏT-in Minsk Qrupunun Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistanı atəşkəsə riayət etməyə çağırmaq və bununla bağlı tərəflərin üzərinə öhdəliklər qoymaqdır: "Azərbaycan bu öhdəliyi qəbul etməyəcək. Çünki işğal altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Vyana görüşündən nəticə hasil olmayacağı halda yaxın aylarda döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq".

Politoloq 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən planları xatıladıb: "1990-cı illərin ortalarında mərhələli planı, daha sonra paket həll planı irəli sürüldü. Üçüncü plan isə ümumi dövlət prinsipi idi. Azərbaycan mərhələli həll planına razılaşdı. Çünki bu plana görə, ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi. Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Həmin vaxt Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa, bu, Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Paket həll planına isə Azərbaycan razılaşmadı. Çünki bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda müəyyənləşdirilməli idi. Ümumi dövlət prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı".

E.Şahinoğlu hesab edir ki, münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür: "İşğal ölkəmizin inkişafına mane olmadı, enerji resurslarının işlənməsi və satışı hesabına Azərbaycan inkişaf etdi, maliyyə və hərbi resruslarını artırdı. Ermənistanın işğalçı siyasəti bu dövlətin Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə gətirib çıxardı. Ermənistanın problemlərdən qurtulması, normal inkişaf etməsi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Bunun üçün isə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmalıdır".
 
"Prezidentlərin Vyana görüşünün effektivliyi daha çox Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün həmsədrlərin tutacağı mövqedən asılı olacaq. İşğalçı ölkə Azərbaycan ərazilərini boşaltmalı və münaqişənin mərhələli şəkildə həlli üçün real addımlar atılmalıdır".
Unikal.org xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov prezidentlərin gözlənilən Vyana görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentilərinin Vyanada keçiriləcək görüşü aprel ayında cəbhədə ordumuzun uğuru ilə nəticələnən əməliyyatlarından sonra keçirilən ilk görüşdür: "Həmçinin həmsədr ölkələrin xarici işlər nazirləri, o cümlədən ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin də Vyanaya gələcəyi bildirilir. Görüşdə konkret nəticələrin əldə olunması üçün həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Yox əgər həmsədrlər bu dəfə də Ermənistana danışıqları uzatmaq, vaxt udmaq üçün şərait yaradacaqsa, o zaman Azərbaycanın öz ərazilərini hərb yolla azad etməkdən başqa imkanları qalmayacaq. 20 ildən artıq müddət ərzində status-kvonun qorunub saxlanmasında, torpaqlarımızın işğal altında qalmasında ermənilərin nə qədər xidməti varsa, ATƏT-in Minsk qrupunun, həmsədr ölkələrin də o qədər, hətta bir qədər də çox xidməti var. İndi artıq bütün dünya bilir ki, Azərbaycanın hərbi qüdrəti ərazi bütövlüyünü təkbaşına, tezliklə təmin etməyə imkan verir. Ermənistan rəhbərliyi aprel məğlubiyyətindən nəticə çıxarıbsa, öz ölkəsindəki acınacaqlı mühiti aradan qaldırmaq istəyirsə danışıqlarda konstruktivlik nümayiş etdirməlidir. ATƏT də işğalçı ölkəyə təzyiqlər etməlidir. Əks təqdirdə Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində addımlar atacaq".
R.Qonaqov qeyd etdi ki, əgər yuxarıda qeyd olunanlar həllini tapacaqsa prezidentlərin görüşünün əhəmiyyəti ola bilər: "Bütün dünya ölkələri Ermənistanın təcavüzkar ölkə olduğunu bilir və Qarabağ məsələsində Azərbaycanın haqlı olduğunu etiraf edirlər. Aprel döyüşlərində də Azərbaycana göstərilən xarici dəstək bunu sübut etdi. Ermənistanı isə heç bir ölkə dəstəkləmədi. Hazırda Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi daha da güclənib və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsindən başqa yolu qalmayıb. Destruktivlik Ermənistanı məhvə doğru aparacaq".

*****
İşğalçı ölkə isə gerçəkdən də Qarabağ münaqişəsini uzatması nəticəsində bu gün ən acınacaqlı bur durumla üzləşib. Ermənistan iqtisadiyyatı illərdir dərin tənəzzül, olan-qalan əhali səfalət içindədir, emiqrasiya aydan-aya sürətlənir. Əfsus ki, qonşu ölkədə bu reallığı dərk edənlər, onu dilə gətirməyə cürət edənlər azdır.     

"Azərbaycan öz qarşısına Qarabağ məsələsinin həllindən daha çox, Ermənistanın siyasi, iqtisadi, mənəvi məhvini məqsəd qoyub". Bu fikri İrəvanda "Modus Vivendi" analitik mərkəzinin direktoru Ara Papyan söyləyib. Onun sözlərinə görə, Qarabağ məsələsi bu hədəfə çatmaq yolunda Bakı üçün sadəcə, vasitədir. 

"Aydındır ki, Qarabağ problemi danışıqlar yolu ilə həll oluna bilməz. Azərbaycan bütün bu ərazilərdən erməni qüvvələrinin çıxması məsələsini qoyur. Demək, problem çox sadədir: ya biz Azərbaycanı məhv eləməliyik, ya da Azərbaycan bizi" - erməni politoloq əlavə edib.
Əslində isə özünü məhvə aparan tərəf çoxdan bəllidir - işğalçılıq siyasətinin əsri olan Ermənistan...    

***
Maraqlıdır ki, xüsusən də aprel döyüşlərindən sonra düşdüyü acınacaqlı siyasi duruma, izolyasiya vəziyyətinə rəğmən, Ermənistan yenə şərt dili ilə danışmağa cəhd edir. Məsələn, dünən - prezidentlərin Vyana görüşünün gözlənildiyi gün Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası separatçı rejimin tanınması məsələsinə baxıb. 

Bundan öncə komissiyanın sədri Artak Zakaryan demişdi ki, yalnız komissiyanın rəyinsən sonra parlament bu məsələyə baxacaq. Lakin dünən komissiya məsələni parlamentin müzakirəsinə göndərməmək qərarı çıxarıb. Yəni imtina qərarı çıxarıb. Komissiya sədri deyib ki, "bundan ötrü hələ şərait yetişməyib".
Ancaq aydındır ki, məhz Vyana görüşü günü bu müzakirələrin keçirilməsi Qarabağ danışıqları öncəsi Minsk Qrupu həmsədrlərinə və Azərbaycana təzyiq niyyəti güdürdü. Ki, 4 günlük müharibəsindən sonra işğalçı düşdüyü uğursuz mövqedən çıxa bilsin. 

Bu yerdə yada salaq ki, tanınma proseduru Ermənistan parlamentinin 10 may tarixli toplantısında nəzərdə tutulmuşdu. Lakin Kremlin "göz ağartmasından" sonra və nəticənin daha ağır olacağı səbəbindən İrəvan geri addım atası olmuşdu.  
Ancaq əlbəttə ki, separatçı rejimin tanınıb-tanınmasından asılı olmayaraq, bu, uğursuz gedişdir. Əksər ekspertlər də əmindirlər ki, bu, təcavüzkara heç bir siyasi divident gətirməyəcək. Əksinə, Qarabağ məsələsində onun durumunu da çətinləşdirəcək. 

***

Bu qənaəti tanınmış rusiyalı politoloqlar da təsdiqləyir. O sırada politoloq və tarixçi-alim Oleq Kunetsov hesab edir ki, hətta İrəvan qondarma quruma rəsmi status versə də, bu bütövlükdə konfliktin həllinə təsir göstərməyəcək. "Bakı illərdir səy göstərir ki, amorf kvazidövlət olaraq "DQR"in heç bir sənəddə danışıqların iştirakçısı və ya beynəlxalq hüququn subyekti kimi adı keçməsin. Üstəlik, bu addım BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələri ilə ziddiyyət təşkil edir. Həmin sənədlərdə ki, qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi Qarabağ-Azərbaycan yox, erməni-Azərbaycan münaqişəsidir. Yəni tanınma ilə danışıqlar üçün yeni platforma yaratmaq mümkün deyil" - analitik vurğulayıb.

Tarixçi alim qüsurlu da olsa, yaxın tarixdən analogiya da gətirib: "Vaxtilə Estoniya İçkeriyanın müstəqilliyini tanımışdı. Ancaq bu, Rusiyaya Çeçenistan ərazisində antiterror əməliyyatı aparmağa və orada konstitusiya qayda-qanunu yaratmağa mane olmadı. Ona görə də əminəm ki, İrəvan tərəfindən bütün bu addımlar Dağlıq Qarabağdakı işğalçı rejimin aqoniyasını uzatmağa yönəlik səmərəsiz və perspektivsiz cəhdlərdən başqa bir şey deyil".
Öz növbəsində "Vestnik Kavkaza" nəşrinin eksperti, politoloq Andrey Popov hesab edir ki, Dağlıq Qarabağı tanımaq Ermənistana sərfəli deyil: "Əvvəla, tanınma Minsk Qrupu çərçivəsindəki danışıqlar prosesini ləğv edir - hansı prosesə ki, İrəvan əbədi olaraq ümid edir. Yəni belə bir addım Ermənistan rəhbərliyinin Qarabağla bağlı əsas planını pozur. Minsk Qrupunun ləğvi isə - aktiv döyüş əməliyyatlarını cilovlayan bütün sənədlərin ləğvi deməkdir. Bu da öz növbəsində yeni müharibənin bərpası deməkdir. Bu müharibədə isə İrəvanın güc baxımından nə strateji üstünlüyü var, nə də Bakı üzərində taktiki üstünlüyü. Odur ki, Dağlıq Qarabağın de-yure tanınması, Sərkisyan və onun "müharibə partiyası" üçün  de-fakto itirilməsi demək olacaq".
Politoloq daha bir mühüm detala toxunub. "Ermənistan tərəfindən Dağlıq Qarabağın tanınması - özünün bütün sənədlərində Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu Azərbaycanın işğal olunmuş əraziləri sayan beynəlxalq birliyə qarşı çıxmaqdır. Ölkə xaricindəki erməni diasporu nə qədər güclü olsa da, onun səyləri İrəvanın addımının heç olmasa, bir dünya dövləti tərəfindən dəstəklənməsi üçün kifayət etməyəcək. Ona görə ki, bu addım Ermənistana itkilər və iqtisadi sanksiyalar vəd edir. İrəvanın planı isə həminkidir: bütün mümkün vasitələrlə danışıqlar prosesini uzatmaq, qoşunların təmas xəttində status-kvonu bacardıqca çox saxlamaq", - deyə o sonda qeyd edib.
 
musavat.com