"2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır".
Unikal.org-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub", - deyə E.Rüstəmov vurğulayıb.
AMB rəhbəri əlavə edib ki, inflyasiya dinamikasını nəzərə alaraq faiz dəhlizinin parametrləri növbəti dəfə avqustda müzakirə ediləcək.