İyunun 20-də gecə saatlarında "Araz Supermarketlər Şəbəkəsinin Maştağadakı filialının işçiləri arasında baş vermiş qanlı davanın təfərrüatları məlum olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bıçaqlanaraq öldürülən 22 yaşlı Vüqar Hüseynzadə supermarketdə kassir işləyirmiş. Onu çoxsaylı bıçaq zərbələri ilə öldürən 1997-ci il təvəllüdlü Surxay Əliyev isə marketdə balıq şöbəsində çalışırmış.
Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, iyunun 19-da supermarketin yeməkxanasında Vüqarla Surxay arasında kiçik mübahisə yaşanıb. Belə ki, kassir işləyən Vüqar Hüseynzadə yemək yemək üçün Surxaygilin əyləşdiyi masaya yaxınlaşıb və orada oturmaq istəyib. Bu zaman Surxay Əliyev iş yoldaşına kobud şəkildə həmin yerdə başqa şəxsin oturacağını, Vüqarın orada yemək yeməyə ixtiyarının çatmadığını deyib. V.Hüseynzadə mübahisəni böyütmək istəməyərək uzaqlaşıb və söhbəti işdən kənarda davam etdirmək istədiyini deyib.
Növbəti gün iş saatı bitəndən sonra onlar marketin qarşısında yenidən mübahisə ediblər. Mübahisə zəminində 21 yaşlı Surxay Əliyev bıçaqla iş yoldaşına hücum edərək ona çoxsaylı zərbələr endirib. Bu zaman supermarketin mühafizəçisi Kənan Səlimov araya girib və o da xəsarətlər alıb.
Artıq S.Əliyev həbs edilib.