MADDİ MARAQLAR, YOXSA VALİDEYN CAHİLLİYİ?
12:26 30-08-2012
İQTİSADİYYAT
MADDİ MARAQLAR, YOXSA VALİDEYN CAHİLLİYİ?
Bu haqda mediada olduqca çox yazılır, qəzet və xəbər saytlarında bu mövzuya geniş yer ayrılır, televiziyalar bu barədə mümkün olduğu qədər çox proqram və sujet hazırlayır. Qanunlarımız erkən evliliyin əleyhinədir. Amma nə fayda, aramızda elə valideynlər var ki, övladını mümkün qədər tez "baş-göz" etməyə çalışır. Bu yazımız övladına yaxşılıq etdiyini düşünüb, əslində ona zərər verən valideynlərin menyusunadır...
Erkən evləndirmə
sindromu
Bir zamanlar ölkəmizin yalnız cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nigahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi respublikanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsinə rast gəlinir.
Daha çox, qızların istismarı diqqət çəlb edir. Bu günlərdə mətbuatda 13 yaşlı qızın toyunun yarımçıq qalması barədə xəbərləri çoxunuz oxumusunuz. Bu kimi hallar olur, bizim bildiklərimiz sadəcə, medianın xəbər tutduqlarıdır.
Bu gün Azərbaycanda erkən nigahlar ciddi problemin başlanğıcıdır. Əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa, son illərdə müvafiq göstərici daha da yüksəlib.
Gələcəyimiz təhlükə
altındadır
Öncə qeyd edək ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Həkimlər xəbərdarlıq edir ki, qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər.
14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.
Eləcə də, oğlanların 22 yaşdan öncə evləndirilməsi həm həkimlər, həm də psixoloqlar tərəfindən doğru hesab edilmir. Beynəlxalq Səhiyyə Təşkilatı da eyni yaş göstəricilərini evlilik üçün minimal yaş olaraq təsbit edir.
Erkən nigahlar ən çox hansı ailələrdədir?
Bu ilin əvvəlində Böyük Britaniyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, orada yaşayan 2 milyona yaxın müxtəlif millətlərdən olan şərqli ailələr, övladlarını erkən nigaha məcbur edirlər. Statistik məlumatlara görə, erkən nigahların 65% Pakistan, 25% isə Banqladeş müsəlmanları arasında bağlanır.
Müstəqilliyimizi bərpa etdikdən sonra bizim ölkəmizdə də adi hala çevrilən erkən nigah bir çox valideynlər üçün ən əlverişli seçim hesab edilir. Dövlət və qeyri-hökumət təşkilatlarının apardıqları sorğularda iştirak edən valideyinlərin 70%-dən çoxu bunu normal qarşılayır.
Məsələn, "Sağlam Toplum" İctimai Birliyinin ötən ilin sonunda apardığı araşdırmalar çərçivəsində Bakı və Sumqayıtda gənclər arasında kiçik sorğu keçirilib. Sorğuda iştirak edən respondentlərin çoxu 16-17 yaşda evlənməni normal sayıb.
Ailə Məcəlləsinə
dəyişiklik ediləcək?
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nigah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaşdır. İstisna hallar olduğu zaman nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Deməli, qanunlarımız 16-17 yaşlıların ailə qurmasına imkan verir. Qeyd edək ki, Ailə Məcəlləsində həm də 18 yaşına çatmayanlar uşaq sayılır.
Amma Milli Məclis Ailə Məcəlləsinə dəyişiklik edərək qızların nigah yaşını 17-dən 18-ə qaldırmağa hazırlaşır. Parlamentin son sessiyalarında bəzi deputatlar, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə dəfə qadınların nikah yaşlarının artırılması ilə bağlı təkliflərlə çıxış etdilər. Milli Məclisin yaxın gələcəkdə bu məsələyə baxacağı da istisna edilmir.
"Nigah yaşının
artırılması məsələnin
həlli olmayacaq"
Milli Məclisin həkim deputatı Musa Quliyev bildirir ki, qızlar üçün nikah yaşının yüksəldilməsi problemin həlli deyil, yaş həddini artırmaqla erkən nikahın qarşısını almaq mümkün deyil. Musa Quliyev bildirir ki, öncə azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər araşdırılmalıdır. Deputat hesab edir ki, bu problemlər ilk növbədə sosial problemlərlə əlaqədardır. Yaş həddini qaldırmaqla bir şeyə nail olmaq olmaz, yenə qeyri-rəsmi nikahların sayı artacaq", - deputat dedi.
Bəs statistika nə deyir?
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi 2010-cu ilin sonunda ölkə ərazisində "Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair" statistik müayinə keçirmişdi. Komitədən əldə etdiyimiz məlumata görə, sorğuda 50 yaşadək 19711 qadın iştirak edib.
Sorğuda iştirak edən qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir.
18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.
Qızlar erkən nigaha
həvəslidir?
Araşdırmalar zamanı məlum olub ki, oğlanlardan daha çox qızlar erkən nigaha həvəs göstərirlər. Buna birinci səbəb kimi ailə basqısından can qurtarmaq göstərilir. Digər bir səbəb isə maddi sıxıntılardır. Ata evində maddi problemlər yaşayan yeniyetmə qızlar qarşısına çıxan ilk imkanlı şəxsə "hə" deyir. Bu zaman yaş, mənəvi və fiziki göstəricilər o qədər də önəm daşımır.
Digər bir səbəb də qızların nigahdankənar hamilə qalması problemidir. Valideynlərindən gizlin sevdiyi və ya xoşlandığı kişi ilə görüşən yeniyetmə qız hamilə qalır və çarəni evdən qaçmaqda görür. Bu hallar şəhərlərdə daha çox baş verir. Erkən evliliklərin bir səbəbi də valideynlərin savadsızlığından qaynaqlanır.
Məlumat üçün qeyd edək ki, regionlarda, daha çox kəndlərdə qızlar erkən ərə verilir. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, regionlarda erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub.
Valideyn: "Mənim
çəkdiklərimi
balam çəkməsin"
Güllü Alməmmədova şəxsən tanıdığım biridir, uzaqdan qohumluğumuz da var. Həyat yoldaşı vəfat edib, 2 oğul, 1 qız anasıdır. Qızını 16 yaşı bitməmiş ərə verdi. Kürəkəni az qala özü ilə yaşıddır. Uşaqlıqdan Rusiyada yaşayan kürəkən valideynlərinin təkidi ilə vətəndə evlənməyə gəlib. Qızı göstəriblər, bəyənib, elçi düşüb.
16 yaşlı Asya nişanlısı ilə toydan bir gün qabaq tanış olub, anasının ona yazdığı taleyi qəbul edib. Artıq 3 ildən çoxdur ki, evlidirlər. Həyat yoldaşı biznesmendir. 2 il Rusiyada yaşadılar, sonra vətənə köçdülər. Bir hamiləliyi yarımçıq olub, ikinci uşaq ölü doğulub, indi 19 yaşı var, üçüncü dəfə hamilədir.
Erkən nigahlar barədə bu yazıma başlayandan sonra onunla əlaqə saxladım, hal-əhval sordum. İçini çəkdi, "anam məni bədbəxt elədi" dedi. "Niyə?" demədim, məlum məsələ idi. Sonra sakit səslə dedi: "Kaş o vaxt etiraz edəydim, evlənməyəydim, nə iki uşağımı itirərdim, nə də "varlı bədbəxt" olardım"...
2 aylıq hamilə qızın
məcburi evliliyi
Xatirə (ad şərtidir) ilə sosial şəbəkədə tanış oldum, 28 yaşı var. Qızı 3-cü sinifdə oxuyur. Birinci söhbətimizdə marağıma səbəb olan rəsminə işarə edərək yanındakı qızı sordum, "bacınmı?" dedim. Söhbət pəncərəsinə öncə ")))))" işarəsi yazdı, bu virtual gülüş işarəsidir, sonra da "(((((" - virtual qəm işarəsi yazdı. Ardınca da "yox, qızımdı" dedi.
Getdikcə irəliləyən səmimiyyətdən doğan inam və güvən hissi yarandı onda, özəl həyatından danışdı. Ziyalı bir ailədən olduğunu, hər iki valideyninin mühəndis olduğunu dedi. Məlum oldu ki, indiki həyat yoldaşı ilə məcbur olduğu üçün evlənib. Tanış olanda 16 yaşı varmış, bir il görüşüblər, 17 yaşı olanda məlum olub ki, 2 aylıq hamilədir. Əlacsız qalıb, oğlana qoşulub qaçıb, evləniblər. Amma qeyri-rəsmi evlilik olub, nigahsız. Qızları, ardınca da oğlu doğulub.
"Hər iki hamiləliyim çətin keçib, neçə cür xəstəlik yarandı. Uşaqlarıma yaxşı ana ola bilmirəm, psixoloji cəhətdən buna hazır deyiləm. Kaş o vaxt bunları düşünəydim" deyən Xatirəyə söhbətimizi yazıma daxil edəcəyimi dedim.
Etiraz etmədi, amma adını yazmamağı xahiş etdi və söhbətimizi tamamladı: "Hamı elə bildi ki, uşaq 7 aylıq doğulub, daha bilmədilər ki, evlənəndə 2 aylıq hamiləydim. İndiyə qədər də həyat yoldaşımla məndən başqa heç kim bilmir".
Sosioloq: "Gözü çıxan qardaşdan dərs almağı bacarmırıq"
Belə qızlar bizim ölkəmizdə bir deyil, iki deyil, çoxdur. Savadsız valideynin oduna düşən, həyatı məhv olan asyalar da var, savadlı valideynin öyüdlərinə, nəsihətlərinə qulaq asmayıb həyatını puç edən xatirələr də.
Sosioloq Arzu Bayramova deyir ki, bu kimi problemlər həmişə olub, bundan sonra da olacaq: "Bizim cəmiyyətin ən mənfi cəhəti odur ki, gördüklərimizdən nəticə çıxarmağı bacarmırıq. Məsəl var, deyir "gözü çıxan qardaş göz qabağındadır". Biz, o gözü cıxanı görə-görə onun etdiklərini etməyə davam edirik. Problemin həllinə çalışmaqdansa ya eyni duruma düşürük, ya da bu durumda olanları ələ salıb gülməyə başlayırıq. Bir qismimiz də erkən ailə quranlara həsəd aparıb "bəxtəvər" deyirik.
Sosioloq hesab edir ki, bu məsələnin həlli ailə içində mümkün deyil, çünki problemin kökündə əslində savadsızlıq dayanır. Onun fikrincə, bunun üçün xüsusi mərkəzlər yaradılsa, nə isə əldə etmək olar: "Məncə həm qızlar, həm oğlanlar, həm də onların valideynləri üçün xüsusi maarifləndirici kampaniyalar keçirilməlidir, yaranacaq problemlər izah olunmalıdır".
Məlumat üçün bildirək ki, övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıya bilər. Problem getdikcə ağırlaşdığından Cinayət Məcəlləsində bu barədə dəyişikliyin olacağı da istisna deyil. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur.
Lalə Mehralı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40