Qax rayonunda 2 nəfərin ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının səbəbi məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Zaqatala rayonunun Qandax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev idarə etdiyi 10-NB-862 dövlət qeydiyyat nişanlı, "Mercedes" marakalı mikroavtobusla hərəkətdə olan zaman birdən ürəyini tutub və infarkt keçirərək sükan arxasında ölüb. Bunu görən sərnişinlər dərhal sürücüyə yaxınlaşıb və mikroavtobusu saxlamağa çalışıblar. İdarəetmədən çıxan mikroavtobus qarşı tərəfdən gələn, Qax rayonunun Qaratala kənd sakini, 1993-cü il təvəllüdlü Fəxri Məmmədlinin idarə etdiyi 55-BD-700 dövlət qeydiyyat nişanlı "KamAZ" marakalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən deformasiyaya uğrayan mikroavtobus yolun kənarına aşıb.

Dünyasını dəyişən mikroavtobusun sürücüsü, İ.Əliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə yerləşdirilib. Meyitin üzərində aparılan ekspertiza zamanı sürücünün infarkt keçirərək öldüyü məlum olub.