Fazil Məmmədovun nazirliyinə qarşı növbəti ittiham
12:31 30-08-2012
CƏMİYYƏT
Fazil Məmmədovun nazirliyinə qarşı növbəti ittiham
Nazirin işçiləri sahibkarın obyektini qanunsuz söküb, özü isə haqqı pozulanları dinləməkdən imtina edib
Fazil Məmmədovun rəhbəri olduğu Vergilər Nazirliyinin kiçik və orta sahibkarlara qarşı basqıçı münasibəti hamıya aydındır. Mətbuatın və müstəqil ekspertlərin davamlı tənqidlərinə, irad və qınaqlarına rəğmən Məmmədovun nazirliyi iş adamlarının fəaliyyətinə yersiz, qeyri-qanuni müdaxilələr etməkdən əl çəkmək fikrində deyil.
Elə dünən internetdə yayılan bir şikayət də bunu təsdiqləyir. Şikayət müəllifinin başına gətirilənlər Azərbaycanda sahibkarlara qarşı münasibətin tipik, artıq adət halını almış nümunəsidir.
Belə ki, sahibkar Tofiq Quliyev illər boyu min bir əziyyətlə başa gətirdiyi obyektinin bir günün içində xəbərdarlıqsız sökülməsindən şikayətçi olduğunu bildirib. Sahibkar deyb ki, ona dəyən zərərin məbləği yüz min manatlarla ölçülür.
Tofiq Quliyevin sözlərinə görə, hələ üstəlik banklardan başına yığdığı kreditləri də qaytara bilmir: "Sahibi olduğum "Tərsanə LTD" MMC əsasən gəmi təmiri ilə məşğul olurdu. Bu ilin yanvarında Vergilər Nazirliyindən gəldilər, dedilər ki, ərazi sökülməlidir və bu işi bizə tapşırıblar. Dedilər ki, kompensasiya da olacaq, hələ başqa ərazidə sənə yer də ayrılacaq ki, işini davam etdirəsən. Fevral ayına kimi danışıqlar getdi, dedilər yer tap, avadanlıqları müvəqqəti ora yığdıraq, icarə haqqını da özümüz verəcəyik. Fəhlələr tap, söküntüyə başlasınlar, maaşları da bizlikdir. Vergilər Nazirliyində də oldum, nazir də məni qəbul elədi, o da söz verdi kİ, hər şey qanunla olacaq. Beləcə, sökdülər, şumladılar, bir də ayıldım ki, nə kompensasiya, nə filan. Hər dəfə haqqımı tələb edəndə audit vergi yoxlamasını tökürdülər üstümə, özümü də istintaq idarəsinə aparırdılar. Bu şəkildə təzyiqlər göstərə-göstərə yeri əlimdən aldılar. İndi də qalmışam məhkəmələrdə".
Söküntü başa çatandan sonra sahibkara bildiriblər ki, ərazidə bulvar salınır. Ancaq Tofiq Quliyev deyir ki, indi bu, onu maraqlandırmır. Onu narahat edən üstünə hər gün faiz yığılan bank kreditləri və avadanlıqlarının taleyidir: "Avadanlıqları yığdım bir tanışın obyektinə, Vergilər Nazirliyinin işçiləri də söz verdikləri icarə haqqını ödəmədilər, ora da borclu qaldım. İndi avadanlıqlar elə vəziyyətdədir ki, apar at "metalloma". Gəmi təmiri avadanlıqları, xırda gəmilər və sair. "Dəmirbank"dan aldığım kreditin bir hissəsini hələ bu hadisələrə qədər aybaay ödəsəm də, müəyyən qədər borcum qalmışdı. İndi onu da ödəyə bilmirəm".
Sahibkarın vəkilləri söküntü işlərinə rəhbərlik etmiş Vergi Auditi Departamentinin rəisi Habil Məmmədova müraciət edərək dəymiş ziyanın ödənilməsini istəyiblər. Amma departament rəisi məsuliyyəti üzərindən atıb. Bundan sonra vergilər naziri Fazil Məmmədova müraciət olunub. Lakin nazir vəkilləri qəbul etməkdən qəti şəkildə imtina edib.
Tofiq Quliyev deyib ki, 1 saylı İnzibati İqtisad Məhkəməsində "Az-İmport" Məhdud Məsuliyyətli Cəmiyyətə, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə və Vergilər Nazirliyinə qarşı iddia qaldırıb. Sahibkar cavabdehlərdən müştərək qaydada 1 milyon 248 min manat tutularaq ona ödənilməsini istəyir.
Bu ilin iyul ayından məhkəmə prosesi başlayıb. Həmin vaxt şahid Rauf Nəsirov deyib ki, bu ilin yanvarında Hacı Tofiq yanına gələrək ona dəniz kənarında, Bayraq Meydanı yaxınlığındakı obyektinin söküləcəyini bildirib: "Məndən obyektindən çıxarılacaq əşyaları yığmaq üçün icarəyə yer istədi. Dedi ki, söküntünü Vergilər Nazirliyi həyata keçirəcək və icarə haqqını da onlar ödəyəcəklər. Növbəti gün Vergilər Nazirliyinin Departamentinin Bəhram adlı işçisi yanıma gəldi, ayı 2 min manata olmaqla yeri icarəyə verdim. Bəhram müəllim dedi ki, işçilər tap, ərazini söksünlər. İşçiləri tapıb gətirdim, Bəhram müəllimlə Vergilər Nazirliyinin başqa işçisi Vaqif onlarla danışdılar. Axırda da fəhlələrin pullarını kəsdilər. 50 manat verməli olduqlarına 30, 30 manat verməli olduqlarına isə 20 manat verdilər. Buna görə də mübahisə düşdü".
Başqa şahid - "Tərsanə" MMC-nin direktor müavini Hüseyn Rəşidov da ifadəsində deyib ki, bu il yanvarın 5-də Tofiq Quliyev Vergilər Nazirliyinə çağırılıb: "Oradan Vergilər Nazirliyinin Audit Departamentinin işçisi Vaqiflə birgə gəldi. Dedi ki, obyekti Vergilər Nazirliyi sökəcək. Səhər Bəhram müəllim, Vaqif müəllim gəldilər, sökməyə başladılar. Sökə-sökə Bəhram kənara çəkilib kiməsə məruzə edirdi".
Bir sözlə, şahidlər də məhkəmədə söküntüyə qeyri-rəsmi olaraq Vergilər Nazirliyinin rəhbərlik etdiyini bildiriblər.
Vergilər Nazirliyi isə deyilənləri təkzib edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov deyir ki, sahibkar obyektin həqiqətən də Vergilər Nazirliyi tərəfindən söküldüyünü sübut etməlidir: "Bizim nazirlik söküntü-tikinti işinə baxmır. Bu məsələnin qətiyyən bizə aidiyyəti yoxdur. Bundan başqa, bu iş məhkəmədədir. Gərək o adam sübut edə ki, obyektini bizim nazirlik söküb, ya yox".
Sahibkar Tofiq Quliyev isə deyib ki, obyekti sökməyə razılıq verməyəndə, əraziyə səyyar vergi yoxlaması göndəriblər, onun özünü isə istintaq idarəsinə aparıblar. Yəni, bu cür təzyiqlər altında obyektin sökülməsinə nail olublar. İndi sahibkar dəyəri yüz minlərlə ölçülən avadanlıqlarının da harada olduğunu bilmir. Məhkəmə isə obyektin kim tərəfindən sökülməsini müəyyən etmək üçün ekspertiza təyin edib və bu səbəbdən məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Esmira Cavadova
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00