Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org xəbər verir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlət başçısı Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.
İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirib. Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlət başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğulayıb. Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən prezident bildirib ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var
Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb. Görülən işlərə və əldə olunmuş razılaşmalara nəzarət baxımından bu cür görüşlərin yaxşı nəticələr verdiyini qeyd edən Roqozin bildirib ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.