Arif Əliyevə qarşı sahibkar üsyanı
12:31 30-08-2012
CƏMİYYƏT
Arif Əliyevə qarşı sahibkar üsyanı
"Quba-Nəqliyyat" ASC-nin əmlakını kim və necə talayır?
"Quba-Nəqliyyat" ASC-nin üzvləri üsyana qalxıblar. Onlar Cəmiyyətin sədrindən şikayət ediblər. Sahibkarlar bildiriblər ki, səhmdar hüquqları Arif Əliyev tərəfindən pozulur.
Səhmdarlardan Sadıq Mehdiyev bildirib ki, 3 il icarəçi kimi çayxana-kafe işlədirmiş: "Obyekti də öz vəsaitimlə təmir etdirmişdim. Bu ilin əvvəlində icarə haqqı ödəyəndə məndən almadı. Apardım banka ödədim. İkinci ay banka tapşırdı bank da məndən icarə haqqını götürmədi. Obyektin işığını, qazını kəsdi, iş yerimi öz müavininin adına sənədləşdirdi, mənim avadanlığımı da tökdü çölə. Cəmiyyətin 124 üzvü var, hamısı bizim günümüzdədir. Sürücüləri işdən çıxartdı, avtobusların mühərriklərini çıxardıb satdı, özlərini də tulladı "metalloma". İndi də binanı hissə-hissə satmaqla məşğuldur. Halbuki bu məsələlərdə səhmdar kimi bizim də razılığımız olmalıdır".
Sadıq Mehdiyev deyir ki, ASC-nin sədri Arif Əliyev 5 ildə keçirdiyi iclaslarda bircə dəfə də onların səhmdar kimi iştiraklarını təmin etməyib: "Özü bir-iki səhmdarla iclas keçirir, istədikləri sənədi, protokolu bizim adımızdan imzalayırlar, işlərini görürlər. Müəssisəyə yaxın düşə bilmirik, orda bir mühasib qadın var, gedən kimi bizi söyür, şərləyir, neçə dəfə polisə düşmüşük".
Cəmiyyətin başqa bir səhmdarı Xankişi Hacıverdiyev isə deyib ki, işdən çıxarılması bir tərəfə, sədr onun borc-xərclə aldığı maşınını da əlindən alıb: "Tək mən deyiləm ki, 100-dən artıq səhmdarı işsiz, ailəsini isə ac qoyub. Hamını işdən çıxarıb, iş yerlərini başqalarına satıb. Şəxsən mən evimi girov qoyub pul götürüb avtobus almışdım, əlimdən aldı, satdı başqasına, özümü də işdən çıxartdı. Ora-bura şikayət elədim, pulun az hissəsini ala bildim. Banka borcumu qaytarmaq lazım idi deyə, verdiyi 1150 manatla razılaşmalı oldum. Ancaq maşını qaytarmadı, indi başqası sürür".
Cəmiyyətin keçmiş sədri Tahir Məmmədov isə deyib ki, 2006-cı ildə xəstəliyi ilə əlaqədar səhmdarların ümumi yığıncağında onun və səhmdarların çıxardığı qərarla vəzifəsinin icrası Arif Əliyevə keçib. Bundan sonra Arif Əliyev Əmlak Komitəsində cəmiyyətə məxsus olan 30 faiz səhmi də alıb. Üstəlik, Tahir Məmmədovun 19, həyat yoldaşının isə 16 faiz səhmini alıb. 19 faiz səhmini geri ala bilsə də, 16 faizi geri ala bilməyib: "Biz yığışıb onu özümüzə sədr seçdik, o isə etimadımıza belə yanaşdı. 6 ildir nə bir iclas çağırır, nə bir səhmdarla hesablaşır. Öz 3-5 səhmdar dostu ilə keçirdiyi iclaslardakı bütün protokollarda imzalarım saxtadır, eləcə də başqa səhmdarların da imzaları saxtadır. Bu saxta imzalarla cəmiyyətin bütün əmlakını satıb, talayıb. Hər yerə şikayət göndərmişik, yalvarıb-yaxarırıq ki, bu adama bir dayan, dur deyən olsun, bizi eşidən yoxdur".
"Quba-Nəqliyyat" Açıq Səhmdar Cəmiyyətin sədri Arif Əliyev isə səhmdarların dediklərini təkzib edib: "Tahir Məmmədov 5 il əvvəl öz ərizəsi ilə sədrlikdən istefa verib. Xankişi Hacıverdiyevin 71 yaşı var, sürücü idi, maşın idarə etmək qabiliyyətini itirdiyinə görə işdən çıxarılıb. Sadıq Mehdiyev mənim sürücüm idi. Cəmiyyətin fəaliyyəti Nəqliyyat Nazirliyi tərəfindən dayandırıldığı üçün 1 ildən artıqdır ki, nəqliyyat fəaliyyəti göstərmirik. Ona görə də bütün işçilər ixtisara salınaraq "Uğurlu yol" şirkətinin sərəncamına göndərmişik. Biz ümumiyyətlə, hazırda heç bir xidmət göstərmirik. Avtomaşınlara gəlincə, Bakı-Quba nəqliyyatını təzələyiblər. Köhnə maşınları xətdən çıxarıb xəttə yeni avtomaşınlar buraxıblar".
Arif Əliyev deyib ki, səhmdarlar Əmək Müfəttişliyinə, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət ediblər, fəaliyyəti 15 aya yaxın araşdırılıb. Məhkəmə Səhmdar Cəmiyyəti 1500 manat cərimələyib, başqa iddialar isə təsdiqini tapmayıb. Onun sözlərinə görə, 5 ildə çoxsaylı iclaslar keçirib və səhmdarların iclaslardakı iştiraklarını təsdiqləyən video görüntülər var.
Səhmdarlar isə cəmiyyətin sədri ilə bağlı şikayətlərini davam etdirirlər.
Esmira Cavadova
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49