Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ans TV-yə müsahibə verib. Nazir müsahibəsində son günlər cəbhədə baş verən hadisələrə də bir daha münasibət bildirib.
Unikal.org həmin müsahibəni təqdim edir:

- Azərbaycanın Qəbələ şəhərində 3 ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin iştirakı ilə keçirilən toplantıdan danışmaq istəyirəm. Gündəlikdəki məsələlərdən xəbərim var. Siz Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşünün əhəmiyyəti barədə nə deyə bilərsiniz?  

- Bildiyiniz kimi, dövlət rəhbərləri səviyyəsində çox böyük birgə işlər görülür. Regionda böyük layihələr həyata keçirilir. Son vaxtlar bu istiqamətdə daha çox işlər həyata keçirilir. İqtisadi layihələrin bölgədə təhlükəsizliyinin təmin edilməsi üçün təbii ki, bu üç dövlətin müdafiə nazirlərinin əməkdaşlığı çox vacibdir. Mən oradakı çıxışımda xüsusi qeyd etmək istədim ki, bu üç dövlətin Silahlı Qüvvələrinin birgə təlimləri, təhsil sistemlərinin inteqrasiyası, hərbi texniki baxımdan əməkdaşlıq, interna adlı komanda qərargah təlimlərimiz var və biz bunu genişləndirmək istəyirik. Bu təlimlər sırf iqtisadi layihələrin təhlükəsizliyinə yönəlmiş təlimlərdir.  

Əgər əvvəllər biz onları komanda qərargah formasında həyata keçirirdiksə, indi qərar qəbul olunub ki, artıq bölük, tabor səviyyəsində bu təlimlərə şəxsi heyəti cəlb edək. Daha intensiv keçirək ki, biz bu problemlərin həllində çətinlik çəkməyək.

- Yəqin ki, söhbət qlobal layihələrdən gedir, hansılarda ki, Azərbaycan tranzit ölkə kimi iştirak edir. Yəni bizim TANAP, TAP kimi digər layihələrimizdən söhbət gedir. Bu layihələrin mühafizəsi necə həyata keçirilir?  

- Bu layihələrin mühafizəsini biz həyata keçirmirik. Onların mühafizəsi ilə müvafiq qurumlar məşğuldur. Ümumiyyətlə, söhbət ondan gedir ki, hər bir dövlət öz ərazisində belə layihələrin təhlükəsizliyini təmin etməlidir. Buna məsuliyyət daşıyır və bu məsələləri həll etmək üçün biz bir-birimizə dəstək olmalı, bir-birimizin təcrübəsindən istifadə etməliyik. Bu təlimlərdə bu məslələr həll olunacaq.  

- Təlimlər demişkən, siz bayaq dediniz ki, Azərbaycan və Türkiyə arasında həyata keçirilən təlimlərə bundan sonra Gürcüstanın da dəvət olunması və onun iştirakının təmin olunmasından da söhbət gedir. Gürcüstanın bu təlimlərdə iştirakı bizə, ümumilikdə regiona nə verəcək?  

- İlk növbədə demək istəyirəm ki, son vaxtlar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri arasında birgə təlimlər həyata keçirilir. Bu həm də hava qüvvələrinin, xüsusi təyinatlıların, quru qoşunlarının təlimləridir. Birlikdə keçirilən bu təlimlərdə təcrübə mübadiləsi aparılır.   Biz təklif etdik ki, bir neçə il Gürcüstan müşahidəçi qismində iştirak etsin. Bu müddət ərzində Gürcüstan təlimlərlə maraqlanacaq, təlimlərin necə həyata keçirilməsi, onun forması ilə tanış olacaq. Gələcəkdə də biz ümid edirik ki, onlar da bizə qoşulacaq. Yenə deyirəm ki, bizim üçümüzün də marağında olan bu iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu 3 Silahlı Qüvvələrin birgə fəaliyyət göstərməsi çox vacibdir. Buna görə də birgə təlimlərdə onların da iştirakı mühümdür.

- Bu təlimlər heç də hansısa 3-cü dövlətə qarşı deyil?!  

- Xeyr. Yenə deyirəm ki, bu təlimlər öz cavabdehliyi sahəsində olan layihələrin təhlükəsizliyini təmin etmək üçündür. Biz Azərbaycanda, Gürcüstan Gürcüstanda, Türkiyə isə Türkiyədə.

- Cənab nazir, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı barədə bu görüşdə hansısa söhbət oldumu?  

- Təbii ki, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının inkişafı çox önəmlidir. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eləcə də Azərbaycan Türkiyənin yanında. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti çox yüksəkdir. Dəstəyi çox önəmlidir. Bizim təhsil sistemimiz inteqrasiya olub. Yüzlərlə zabitlərimiz, gizirlərimiz Türkiyədə müxtəlif təlim mərkəzlərində, hərbi məktəblərdə, akademiyalarda təhsil alır.   Bizim hərbi-texniki əməkdaşlığımız çox önəmlidir. Bu gün elə qoşun növü yoxdur ki, biz Türkiyə ilə hərbi-texniki əməldaşlıq etməyək. Təbii ki, bu əməkdaşlıqdan həm Türkiyə, həm də Azərbaycan bəhrələnir.

- Azərbaycanın Türkiyə ilə hərbi münasibətlərinin konteksti son zamanlar Naxçıvan Muxtar Respublikası sərhədlərində baş verən hadisələrlə bağlı sual verməyimi zəruri edir. Ermənistan-Azərbaycan cəbhəsində baş verən proseslərin əks-sədası artıq Naxçıvana qədər gedib çıxıb. Hətta bir hərbçimizin yaralanması haqqında məlumatımız da var. Qarşı tərəfdə də itkilər var. Biz artıq cavab da vermişik. Bu istiqamətdə gedən hərbi hərəkətlər barədə nə deyə bilərsiniz?  

- Bu məsələni biz araşdıracağıq. Naxçıvan istiqamətində bizdə belə problemlər yaşanmırdı. Tək-tük hallarda problemlər olsa da hər iki tərəf atəşkəsə riayət edirdi. Ora dövlət sərhədidir və heç kimin torpaq iddiası yoxdur və ola da bilməz. Ermənistan müdafiə naziri elan edir ki, orada heç bir şey olmayıb. Hesab edirəm ki, bəlkə, xəbərləri yoxdur, ola bilsin intizamsız hərbi qulluqçular atəş açırlar. Əgər bunlar boyunlarına götürmürlərsə, belə çıxır ki, ora idarə olunmur, hansısa intizamsız hərbi qulluqçular xidmət edir və bizim hərbçilərə atəş açırlar.Təbii ki, onların cavabları verilməlidir və verilib. Bundan sonra da veriləcək. Ona görə də onlar elan edirlərsə ki, belə bir hal olmayıb, təxribatdır, ilk növbədə öz fəaliyyətlərini nəzərdən keçirsinlər. Ona görə ki, bu, son zamanlar baş verib və yenidən təkrarlanır. Ona görə də mən tapşırdım ki, bu məslələrə çox ciddi yanaşsınlar. Əgər hansısa dövlət sərhədindən bizim tərəfə atəş açılacaqsa, onun cavabı veriləcək.  

- Ermənistan son zamanlar çox maraqlı bəyanatlar verir. Bu bəyanatlardan biri də kütləvi qırğın silahına sahib olmaları haqdadır. Mən bilmirəm siz bunu kinayə ilə qarşıladınız, yoxsa ciddi qarşıladınız. Sözün düzü, mən bir vətəndaş, jurnalist olaraq narahatlıqla qarşıladım. Bu bəyanatların regionda təhlükəsizliyə hansı təhdid və təhlükəsi ola bilər.  

- Bilirsiniz ki, onlarda köhnə atom elektrik stansiyası var. Bu stansiyanın vaxtı çoxdan bitib. Biz bilirik ki, onların imkanları da yoxdur ki, stansiyaya lazımi qulluq göstərsinlər, orada bərpa işləri aparsınlar. Bu özü həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana, ümumiyyətlə regiona təhlükəli bir stansiyadır. Ona görə də biz dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik ki, bir tədbir görsünlər. O ki qaldı bizi hansısa atom bombası ilə qorxudurlar... Birincisi, bu, iki sual yarada bilər. Əgər sizdə belə bir silah varsa, niyə bunun adını çəkirsiniz? Mənim bu suala cavabım var. Qorxurlar! Elə buna görə də belə şayiələr yayırlar.   İkincisi isə əgər sizdə belə bir silah varsa, Azərbaycanı bununla qorxurdursunuzsa, siz bunun məsuliyyətini dərk edirsinizmi?! Təbii ki, mən buna ciddi yanaşmıram. İnanmıram ki, Ermənistanda belə bir bomba olsun.

Digər məsələ "çirkli bomba"dır ki, bunun müxtəlif forması var. Ola bilər ki, onlar qırıntıları yığsın bir çəlləyə, atsın harasa. Sonra bəzi yerlərdə bu fon artsın. Bu məsələləri ciddi nəzarətdə saxlayırıq və digər məslələr də araşdırılır.   Təbii ki, bizim dövlətin də rəsmi müraciəti var. Müxtəlif müvafiq qurumlara bununla bağlı müraciət ünvanlanıb ki, buna qiymət versinlər. Ən azından onların bu məsələni dilə gətirməsi məsuliyyətsiz bir bəyanatdır. Bunun məsuliyyətini gərək onlar hiss etsinlər və cavabını versinlər.

- Qəbələdəki görüşdə qonşu dövlətlərin müdafiə nazirləri ilə toplantıda bu məsələ nə qədər qeyri-ciddi görünsə də müzakirə edildimi?

- Bir neçə gün bundan qabaq Gürcüstan milli təhlükəsizlik qurumunun bəyanatı olmuşdu. Bu artıq üçüncü haldır ki, nüvə parçalarından istifadə edərək qaçaqmalçılıqla məşğul olan qurplar tutuldu. Bu, narahatedici haldır. Ona görə ki, orada əksər həbs edilənlər erməni əsillidir. Ən təhlükəlisi isə bu parçaların terrorçu qrupların əlinə keçməsidir. Onlar bundan, doğurdan da, təhlükəli bir silah hazırlaya bilərlər. Ona görə də bu məsləyə çox ciddi yanaşmaq lazımdır ki, bunların qaçaqmalçılığının qarşısı alınsın. Ancaq bu gün Ermənistanın imkanı yoxdur ki, bu parçalardan hansısa bir silah yaratsın.

- Və nəhayət, cənab nazir, bu gün Azərbaycan Respublikasının müdafiə naziri ilə üzbəüz oturub cəbhədə gedən son proseslər barədə məlumat almaq mənim vəzifə borcumdur. Bu vəzifəmi müvəffəqiyyətlə yerinə yetirmək istəyirəm. Azərbaycan xalqını, vətəndaşlarını birinci növbədə narahat edən cəbhə xəbərləri ilə bağlı bir sualıma cavab almaq istəyirəm. Bu gün cəbhədə vəziyyət necədir? Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələri qarşısında qoyduğu vəzifələr necə yerinə yetirilir? Son zamanların cəbhə təəssüratlarına ümumiləşdirici yekun vurulsa, Zakir müəllim nələri deyə bilər?  

-  Mən bu imkandan istifadə edərək Azərbaycan xalqına demək istəyirəm ki, heç narahat olmasın. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, möhtərəm prezident başda olmaqla bütün əməliyyat şəraitinə nəzarət edilir. Təşəbbüs bizdədir. Bizim hərbi üstünlüyümüzü hamı görür. Mən xüsusi qeyd etmək istəyirəm ki, yadınızdadırsa bizim sizinlə bir neçə il qabaqkı müsahibəmizdə dedim ki, möhtərəm cənab prezident Silahlı Qüvvələrdə islahatlara başlayıb. Mən sizin sualınıza cavab verirəm ki, bütün bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında, düzgün, bütün istiqamətlərdə, həyata keçirilir və artıq biz onun nəticələrini görürük. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və qadirdir.