Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2018-ci ilin birinci yarım ilinə dair hesabatı, partiyanın tərkibi haqqında müvafiq dövrə dair statistik hesabat və İdarə Heyətinin 2018-ci ilin ikinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. Əli Əhmədov qeyd edib ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə - prezident seçkilərinin keçirilməsi olub.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi 2018-ci ildə davam edib, hesabat dövrü ərzində 12 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 720 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda, həmçinin İdarə Heyətinin 2018-ci ilin ikinci yarım ilinə dair iş planı müzakirə edilərək təsdiq olunub.