Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.
Unikal.org-un məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Qeyd edək ki, Brüssel görüşü Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın bu il aprelin 23-də hakimiyyətdən getməsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşüdür.
İki ölkənin xarici işlər naziri sonuncu dəfə bu ilin yanvarın 18-də Polşanın Krakov şəhərində danışıqlar aparıb.