Qadınlardan ibarət voleybol yığmamız istirahətə son qoyub. 

Unikal.org xəbər veirr ki, komanda artıq toplaşıbb. Artıq Polina Rəhimova, Yana Ağayeva, Anastasiya Qurbanova, Valeriya Məmmədova kimi təcrübəli voleybolçular da düşərgədədi. Yalnız Natalya Məmmədova hələ Bakıda deyil ki, onun da bir neçə günə paytaxtımızda olacağı gözlənilir. Dünən voleybolçuların bir qismi tibbi müayinədən keçibsə, bir qismi fitnessdə çalışıb. Qarşıdakı iki gündə bütün voleybolçular tibbi müayinədən keçəcək. Bundan sonra toplu çalışmalara start verəcək. Baş məşqçi Faiq Qarayev əvvəlcə fiziki hazırlığı qaydasına salmağa çalışacaq. Qarşıdakı 15-20 gündə açıq havada qaçış, qumda topsuz çalışmalar həyata keçiriləcək. Ondan sonra isə toplu məşqlər başlayacaq. Gələn aydan yığmanın ölkə xaricində təlim-məşq toplanışlarına start veriləcəyi gözlənilir. Bu zaman müxtəlif ölkələrin komandalarıyla yoxlama oyunları keçiriləcək.

Qeyd edək ki, hazırlıq prosesi sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək dünya çempionatı üçün nəzərdə tutulub. Millimiz C qrupunda ABŞ, Rusiya, Koreya, Tayland və Trinidad və Tobaqoyla münasibətləri aydınlaşdıracaq.