Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.

Unikal.org-un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab prezident. Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Fransa əlaqələri zəngin ənənələrə malikdir. Biz bu ənənələrin qorunub saxlanmasına, dostluq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, əməkdaşlığımızın davamlı və hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz özünün dinamik inkişafı və əhatə genişliyi ilə səciyyələnir. Qarşılıqlı maraq kəsb edən bütün sahələrdə birgə səmərəli işimiz xüsusən məmnunluq doğurur.
Eyni zamanda, qarşılaşdığımız ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyirik. Biz Ermənistan tərəfindən torpaqlarımızın işğalına son qoyulmasını, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllini səbirsizliklə gözləyirik. Bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.