Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, həmçinin qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edərək Müdafiə naziri müvafiq göstərişlər verib.
Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə general-polkovnik Z.Həsənov qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlilik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.
Müşavirə zamanı ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.