Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncə şəhəri və Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərdən bir qrupuna, mövcud qanunvericilik əsasında, onların statusunu təsdiqləyən vəsiqənin təqdim olunması üçün səyyar xidmət təşkil edib. Səyyar xidmət iyulun 27-də Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə göstərilib.
Unikal.org xəbər verir ki, komitənin məsul işçiləri, mövcud qaydalar əsasında, status sənədi almaq üçün müraciət etmiş 100 nəfər məcburi köçkünə vəsiqə təqdim ediblər. Onlardan bir nəfərinə - fiziki imkanları məhdud olan məcburi köçkünə vəsiqə evində təqdim olunub. Məcburi köçkün vəsiqəsi alanların 30 faizi özünün müvafiq statusunun təsdiq olunması üçün Komitəyə müraciət etmiş abituriyentlərdir.
Xatırladaq ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində müvəqqəti yaşayış sahəsi ilə, məşğulluqla, sosial və tibbi təminatla, təhsil hüququ, nəqliyyat və mənzil-kommunal, həmçinin vergi güzəştləri ilə təmin olunması kimi sosial müdafiə tədbirləri tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.