Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yaxın vaxtlarda ABŞ-ın Rusiyaya qarşı "sanksiyalarını ləğv edəcəyi ümidləri ilə özünə təskinlik verməməyə" çağırış edib.
Unikal.org bildirir ki, Kadırov bu barədə şəxsi Telegram kanalında yazıb.
O bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini "yalnız düzgün" hesab edir.
Kadırovun sözlərinə görə, Putin ABŞ-ın diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarır:
"Bir sıra ölkələr - Çin, Türkiyə, Braziliya, CAR, Qazaxıstan, Hindistan, Azərbaycan, İran və digərləri ilə ikitərəfli və çoxtərəfli dialoq aparan Rusiya prezidenti Vladimir Putinin xarici siyasət addımlarını yalnız düzgün hesab edirəm. Vladimir Vladimiroviç anti-amerika ittifaqları yaratmağa can atmasa da, diktat siyasətini qəbul etməyənlərlə ittifaq axtarışındadır", - deyə, o, Telegramda yazıb.
Belə siyasət öz nəticələrini gətirir ki, bunu Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İranın Xəzərin hüquqi statusu haqqında konvensiya imzaladığı Xəzər sammitinin yekunları da göstərir, Kadırov qeyd edib.
"Türkiyə rəhbərliyi artıq ciddi şəkildə milli valyutalarda qarşılıqlı hesablaşmalardan danışır. Vladimir Putin artıq neçənci ildir ki, tərəfdaşlarını buna səsləyir", - deyə, o, əlavə edib.