Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş kimi tanınan polis əməkdaşı Hətəm Vəliyev dindirilib.
O bildirib ki, hadisə zamanı xəsarət alıb: "Əməliyyata öz maşınımla getmişdim. Hadisə yerinə çatanda Etibar atəş açırdı, başqa kiminsə atəş açıb açmadığını görmədik. Hava şəraitinə görə. Digəri yerə yıxıldı, mən onu təhvil verdim. Etibar isə bıçaqla özünə zərbə vuranda mən ona müdaxilə etdim. Paltarın üstündən 2 zərbə vurmuşdu, amma ağır xəsarət deyildi. Mən ona yaxınlaşanda köynəyini qaldırıb qarnına zərbə vurmaq istədi, bıçağı əlindən alıb qoymadım".
Zərərçəkən polis əməkdaşı təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını deyib.
Digər əməliyyatçılar prosesdə iştirak etməyib.
Prosesdə təqsirləndirilən polkovnik Bəhruz Abdullayev yenidən ifadə verib.
O deyib ki, təqsirləndirilən şəxslərdən yalnız öz əməkdaşlarını tanıyır: "Müğənnini də təkcə televizorda görmüşəm. Heç bir əlaqəm də olmayıb. Etibar Məmmədov 1996-cı ildən tanıyıram. Bizim əməkdaşı şunurla boğaraq qətlə yetirib müəssisədən qaçmışdı. Mənim telefonum sentyabr ayından dinləmədə olub, mən heç bir həbsdə olan şəxslə və ya yaxını ilə əlaqə saxlamamışam. Çünki məsuliyyətimi dərk edirdim. Mən 21 il ancaq konvoyda işləmişəm, leytenantlıqdan bu rütbəyə qalxmışam".
Tabor komandiri ifadəsinin davamında qeyd edib ki, hadisədən bir gün qabaq qarovul rəisi zəng edərək Etibar Məmmədovu Lənkəran polisi qəbul etmədiyini deyib: " Mən də Etibara görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Asim Hacıyevlə danışdım, çox xahiş etdim ki, bu məsələni həll etsin. Sonra Asim müəllim dedi ki, Astara polisi qəbul edəcək. Elə də oldu. Daha sonra mənə heç bir zəng olmadı, dustaqların hərəkəti ilə bağlı hər hansı məruzə edilmədi".
Ifadəsinə davam edən Bəhruz Abdullayev deyib ki, oktyabrın 23-cü günü səhər tezdən 7-yə işləmiş qaravul rəisi Ceyhun ona zəng edib: "Telefonu açan kimi "salamatçılıqdı" deyə soruşdum, Ceyhun "yox, dustaq qaçıb" dedi. Mən qəhərləndim, dedim "vaqondan dustaq qaçar?", sonra əməliyyat rejim rəisinə məlumat verdim. Təkrar Ceyhunla danışıb qaçanların Etibarla Əli Ağami olduğunu bildim. Sonra vaqon gələn yerə getdim, Ceyhun özündə deyildi, danışa bilmirdi. Vaqona baxdım, pəncərə 20 santimetr açıq idi. B iraz sonra rəhbərlik gəldi, həbsdə olan şəxsləri maşınlara yığdılar. Qarovul heyətinin silahları alınıb, özləri baş idarəyə aparıldı. Həmin gün axtarış əməliyyat qərargahı yaradıldı, Fədayənin görüşünə mən icazə versəydim, onu da Etibarın yaxın ətrafı siyahısına daxil edərdim. Səhərisi gün Baş Prokurorluğa çağırılıb şahid kimi ifadə verdim. Nazir müavini məni qəbuluna çağırılıb xidmətdən xaric edildiyimi bildirdi. Həmin gündən həbs edilənə kimi olanları ancaq mətbuatdan izləmişəm".
B.Abdullayev əməkdaşlar üçün ayrılan ezamiyyə pullarının yarısını mənimsəməsi və dustaqların komfortlu avtomobillə daşınması, xüsusi görüşlərin verilməsi üçün pul alması ilə bağlı ittihamı qəbul etməyib.
B.Abdullayevin istintaqa ilkin ifadəsi elan edilib, məlum olub ki, o, həmin zaman ezamiyyə pullarının yarısını mənimsədiyini, qarovul rəislərini xüsusi yerlərə təyin etmək üçün onlardan pul aldığını, həbsdə olan şəxsləri komfortlu avtomobillərlə daşınması üçün pul aldığını etiraf edib.
Polkovnik B.Abdullayev isə belə ifadə vermədiyini bildirib: "Həmin vaxt Etibar hələ tutulmamışdı, işçilərim həbsdə idi. Özümdə deyildim. Məni 5 saat qapısı bağlı otaqda saxladılar, özləri çıxıb getmişdilətər. Eynəkli bir vəkil gəlib kağız uzatdı ki, tez bunu imzala, gedirik Nəsimi məhkəməsinə. Mən də imzaladım".
Proses avqustun 27-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.