Bir müddət əvvəl paytaxtın "Sovetski" məhəlləsində başlayan söküntü bumu bir neçə tarixi binanı da ağuşuna aldı. Azərbaycanın görkəmli sənət adamlarının, tarixi şəxsiyyətlərin tikdiyi və yaşadığı binalar söküldü. 
 
Yaxın günlərdə isə Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli ev də söküntüyə məruz qaldı. 

Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən bu mülk 1910-cu ildə tikilmişdi və tarixi abidələr sırasındaydı. Böyük aktyor 1937-ci il -həbs olunana qədər bu evdə yaşamışdı.
 
Məsələ ilə bağlı tanınmış insanlar və millət vəkilləri buna öz etirazlarını bildirsələr də bir faydası olmadı. 
 
Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə etriaz edən tanınmış müğənni Əli Mirəliyev Unikal.org-a açıqlamasında bildirib ki, bu addımı atanlar tarix qarşısında cavab verəcəklər:
 
"Bu birinci söküntü deyil. Bundan əvvəl də tarixi şəxsiyyətlərin tikdiyi və övladlarının yaşadığı binanı söküb onları Xırdalana yerləşdirdilər. Belə bir addımı atanlardan Şərifzadənin evinin sökülməsi gözlənilən idi. Adama deyərlər niyə sökürsən? Atan tikib, yoxsa baban? Gecə yatıb səhər sifariş verirlər ki, filan tarixi bina sökülməlidir. Kimsən axı sən, tarixi şəxsiyyətlərin tikdiyi binanı sökürsən. Belə bir addımı atanlar konkret olaraq cinayət törədirlər."
 
Həsən Babayev