İran Prezidenti Həsən Ruhani parlamentdə ölkənin ağır iqtisadi durumu və digər mövzularla bağlı deputatların 5 sualını cavablandırıb.

Unikal.org xəbər verir ki, ölkə prezidentinin parlamentdə dindirilməsi 80 deputatın imza toplayaraq parlament sədri Əli Laricaniyə müraciətindən sonra mümkün olub. Ruhanini Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, bir sıra nazirlər və digər rəsmilər müşayiət edib.

Prezident ölkədə əmtəə qaçaqmalçılığı və hökumətin buna lazımi qədər nəzarət etməməsi, bank sisteminə qoyulan sanksiyaların uzadılmasının səbəbləri, ölkədə işsizliyin azaldılması üçün hökumətin konkret hər hansı bir addım atmaması, ölkədə bir neçə ildir davam edən iqtisadi durğunluq və milli valyutanın dəyərinin kəskin düşməsi fonunda külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə bağlı deputatların suallarını cavablandırıb.

İran prezidentinin hökumətin əmtəə qaçaqmalçılığına nəzarətin uğursuz olması ilə bağlı verdiyi cavabdan başqa digər 4 sualın cavabı deputatları qane etməyib. Bu səbəbdən hökumətin həmin mövzularla bağlı yürütdüyü siyasətin dəyərləndirilməsi işi İran Məhkəmə Sisteminə göndərilib.

İclasda bəzi deputatlar ölkədə iqtisadi şəffaflığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini tələb ediblər.(axar.az)