Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun vəfatı onun oğlunun qətlində təqsirli bilinərək ömürlük həbs edilən Vüqar Əliyevin azadlığa çıxma məsələsini gündəmə gətirib.
Unikal.org xəbər verir ki, onun hüquqlarını müdafiə edən Əsabəli Mustafayev modern.az-a açıqlamasında Aslan Aslanovun vəfatının Vüqar Əliyevin işində vəziyyəti dəyişə biləcəyinə inanmadığını bildirib.
Ə.Mustafayev deyib ki, bunun səbəbi sabiq başçının vəzifədə olarkən, müvəkkilinə ən ağır hökmün çıxarılmasına nail ola bilməsidir:
"Sonradan onun təsir imkanları azalsa, hökm dəyişdirilmədi. Hətta Avropa Məhkəməsilə kommunikasiya başlananda da hökumət gedən prosesləri, nöqsanları nəzərə alaraq, bunların aradan qaldırılmasını öz öhdəsinə götürə bilərdi ki, Avropa Məhkəməsi kəskin qərar qəbul etməsin.
Lakin buna gedilmədi. Hesab edirlər ki, bu adama ağır hökm verilib, artıq 15 ilə yaxın cəzasını çəkib. Uzun müddət həbs yatan adamın işinə yenidən baxılması praktikada yoxdur. Çünki işə yenidən baxılması, bu qərarı verənlərin etirafı sayıla bilər.
Hüquqşünas hazırda Avropa Məhkəməsinin qərarını gözlədiyini deyib: "Artıq yazışmalar bitib və məhkəmə bu iş üzrə müşavirəyə çıxıb. Qərar qəbul edildikdən sonra elan olunacaq. Ümid edirik ki, Avropa Məhkəməsi bizim göstərdiyimiz pozuntuları tanıyacaq. Əgər işə qeyri-ədalətli baxılması
Avropa Məhkəməsi tərəfindən tanınsa, bu hal işə yenidən baxılması üçün hüquqi əsas yaradacaq.
Ümid edirəm ki, o halda həmin dövrdə məhkəmə qərarı olduqda yeni situasiya yaranacaq və işə yenidən baxılacaq. Belə olacağı təqdirdə hökmün dəyişdirilməsi üçün ciddi şans yaranacaq. Əgər əvvəlki illərdə olduğu kimi, Vüqar Əliyevə qarşı qərəzli davranış nümayiş olunmasa, hökm dəyişilə bilər. Məhz bundan sonra Vüqar Əliyev azadlığa çıxa bilər. Biz buna ümid bəsləyirik. Hazırda Avropa Məhkəməsinin qərarını gözləyirik.
Ə.Mustafayev V.Əliyevlə sonuncu dəfə ötən il görşüdüyünü deyib: "Müəyyən sənədlər lazım olduqda, mütəmadi olaraq, poçt və valideynləri vasitəsilə əlaqə saxlayırıq. Valideynlərinin mənə bildirdiyinə görə, səhhətindən və saxlanma şəraitindən şikayətləri var.
Vüqar Əliyev 2003-cü ildə Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə 2015-ci ildə azadlığa çıxıb.
Qeyd edək ki, Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov bir neçə gün əvvəl vəfat edib.