Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xəttinə Sumqayıt çayı üzərindəki körpünün altına kimyəvi maddələrlə dolu olan kisələrin atılması ilə bağlı daxil olan məlumat nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə hər birinin çəkisi 25.2 kiloqram olan 300-ə yaxın ammonium-bi-flüorid duzu ilə dolu kisələrin atıldığı məlum olub.

ETSN-in Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzinin əməkdaşları tərəfindən kisələr ərazidən yığışdırılaraq təhlükəli tullantılar poliqonuna daşınıb.

Kisələri əraziyə atan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə məktubla müraciət edilib.