Bakıda kişini pul almaq məqsədilə girov saxlayıblar.
Unikal.org xəbər verir ki, qeyri-qanuni azadlıqdan məhrumetmə faktı Nəsimi rayonunda qeydə alınıb. Bu barədə "Sputnik Azərbaycana Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, cinayətin qurbanı Mirəzim Hüseynov adlı şəxsdir. Oğrular onu tutaraq Binəqədi rayonu, 8 Mart küçəsində yerləşən xüsusi həyətlərdən birindəki qaraja aparıblar.
Canilər Hüseynovu döyüblər və bu hərəkətlərini videoya çəkiblər. Hüseynovu onlara 10 min manat verməyəcəyi təqdirdə onu fiziki işgəncəyə məruz qoyacaqları ilə hədələyiblər. Kişini bu şərtlə buraxıblar.
Bir gün sonra -” avqustun 29-da azad edilən Mirəzim Hüseynov 22-ci polis bölməsinə gələrək başına gələnlərlə bağlı şikayət edib.
Hüseynov şikayət ərizəsində yazıb ki, bu ilin iyununda Hüseyn, İsmayıl və 1986-cı il təvəllüdlü Əhməd Novruzquliyev adlı şəxslərə 600 manat borclu qalıb. O, borcunu qısa müddətdə qaytaracağını bildirib.
Lakin Hüseynov pulu vaxtında qaytara bilməyəndə, sözügedən şəxslər bildiriblər ki, indi, üstündən ay yarım keçəndən sonra o, 10 min manat ödəməlidir.
Sözügedən şəxslər Hüseynovu qorxutmaq üçün qaçıraraq döyüblər. Canilərin ikinci tələbi Novruzquliyevin işlə təmin edilməsi barədə olub.
Adam oğruları deyiblər ki, Hüseynovun dayısı, 1961-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, dövlət qurumlarından birində işləyən Həsənov Fərhad Əhməd oğlu Novruzquliyevi işlə təmin etməlidir.
Nəsimi RPİ-dən verilən məlumata görə, bu işin materialları cinayətin törədildiyi ərazi üzrə Binəqədi RPİ-yə göndərilib. Artıq Hüseynovu qaçıran və girov götürənlərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda onların törədilmiş cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməsi prosesi gedir.