Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəki şəhər sakini Ümid Hüseynov rayon polis idarəsinə müraciət edərək bildirib ki, kirayə qaldığı evdən 5300 manat oğurlanıb.

Unikal.org "Xəzər Xəbərə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisəsini onunla bir evdə qalan həmyerlisi Raqib Orucov törədib.

Saxıanılaraq idarəyə gətirilən R. Orucov törətdiyi cinayət əməlini etiraf edib. İstintaqın gedişində məlum olub ki, o, evdən oğurladığı pulla kifayətlənməyib. Belə ki, uzun müddətdir ki, Ü. Hüseynovun işlətdiyi mərc oyunları məntəqəsində operator olan Raqib özü də külli miqdarda pul uduzub. Müdirindən xəbərsiz uduzduğu pulları bərpa etmək istəyən Raqib oğurluq etmək qərarına gəlib.

Saxlanılan şəxsin sözlərinə görə, 5 il ərzində mərc oyunlarına 50 min manatdan artıq pul uduzub.

Faktla bağlı Raqib Orucov barəsində Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə istintaq davam edir.