"İlham Əliyev sammit çərçivəsində ikitərəfli görüşlər də keçirtdi. Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu".
Unikal.org xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan prezidenti İlham Əliyevin mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışını şərh edərkən deyib.
O, qeyd edib ki, böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı var idi: "Çünki Ərdoğan ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi. İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşdü. Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək. Maraqlıdır ki, Azərbaycanın rəsmi media orqanları Azərbaycan prezidentinin Türkiyə prezidenti ilə görüşünə geniş yer ayırarkən, Ukrayna prezidenti ilə görüşü sanki görməzdən gəldilər".
E.Şahinoğlunun fikrincə, bu, rəsmi Bakının hələ də Azərbaycan-Ukrayna münasibətlərində Rusiya amilinə diqqət yetirməsi ilə əlaqədardır: "Ancaq əgər rəsmi Bakı müstəqil xarici siyasət yürütdüyünü elan edirsə, ikitərəfli münasibətlərdə üçüncü tərəfin mövqeyini əsas götürməməlidir. İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar: İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Azərbaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək (Bakıdakı Qlobal Foruma gəlməkdən son anda vaz keçmişdi) öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir. İlham Əliyevin çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasına yönəltdi. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş "Metsamor" atom elektrik stansiyası bölgə üçün təhlükə mənbəyidir, ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından "çirkli bomba" hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır. İlham Əliyevin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni Azərbaycan dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınlarının varlığını da unutmamalıdır".
Politoloq hesab edir ki, İlham Əliyevin İstanbuldakı çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər: "Çünki, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq".