Salyan rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Səmədov Elgün Alek oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu qısqanclıq zəminində güllələyərək qətlə yetirib.

Hadisə E.Səmədovun yaşadığı evdə baş verib.

E.Səmədov R.Bağırovu evinə çağıraraq onu həyat yoldaşına qısqandığını deyib. Mübahisə nəticəsində E.Səmədov evində saxladığı "Я-6818" markalı yivsiz qoşalüləli ov tüfəngi ilə iki dəfə atəş açaraq R.Bağırovu ağır yaralayıb. Yaxınları tərəfindən xəstəxanaya aparılan R.Bağırov yolda dünyasını dəyişib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 1-də Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində yaşayan Elgün Səmədov həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu Rüfət Bağırovu yaralayıb. Xəstəxanaya yerləşdirilmiş R.Bağırov orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə E.Səmədov tutulub.