Şəki Ağır Cinayətlər Məhkəməsində qonşu ilə birləşib ərini öldürən qadının məhkəmə prosesi sona çatıb.
Unikal.org-un femida.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Musayeva Arzu Güləhməd qızı və Xanməmmədov Seymur Çingiz oğlunun məhkəmə prosesinə hakim Rəşid Hüseynov sədrlik edib.
Hadisə 2017-ci il iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb. İlkin olaraq S.Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A.Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S.Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S.Xanməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. İstintaq müddətində Arzu Müsayeva da təqsirləndirilən şəxs qsimində həbs edilib.
Məlumata görə, qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib. Belə ki, S. Musayev və S.Xanməmmədov qətldən bir neçə saat əvvəl içki qəbul ediblər. İçkili olan həmkəndlilər arasında mübahisə baş verib və onlar ayrılıblar. Sərxoş vəziyyətdə olan S. Xanməmmədov bir neçə saat sonra S. Musayevi öldürmək qərarına gəlib və onlara yollanıb. O. S.Musayevi yatdığı yerdə yaxalayıb və qətlə yetirib.
Xatırladaq ki, qətlə yetirilən S.Musayev 4 azyaşlı uşaq atasıdır.