Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında brokonyerlərə şərait yaradılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Unikal.org xəbər verir ki, sözügedən ərazi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun xidməti ərazisinə aiddir.
"Balıqçılıq haqqında normativ hüquqi aktlara uyğun olaraq 1 yanvar - 1 may və 1 sentyabr - 31dekabr 2018-ci il müddətində departament tərəfindən həmin akvatoriyada nərəkimilər və "Qırmızı kitaba daxil olan balıq növləri istisna olmaqla, sənaye balıq ovuna icazə verilir.
Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında 2018-ci il ərzində 1 hüquqi və 65 fiziki şəxsə "balıqovlama bileti ilə sənaye balıq ovu ilə məşğul olmağa icazə verilib.
Qeyd edək ki, 2018-ci ilin 8 ayı ərzində departamentin əməkdaşları tərəfindən ərazidə icazəsiz 18 balıq ovu faktı aşkar edilib, qanun pozucularından 1 "bayda (taxta materialdan kustar üsulla hazırlanmış üzmə vasitəsi), 9 digər üzən vasitə, 933 ov aləti və müxtəlif balıq növləri götürülüb. 14 nəfər qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
İcazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.