"Deyirlər, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib, "A bala, gəl özümüzkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü atmaz kimi deyimləri tez-tez eşidirik.
Unikal.org ARBTV istinadən xəbər verir ki, yüz illərdir bu deyimlərə uyğun ailələr qurulur. Yəni, qan qohumları olan əmi, dayı, xala, bibi uşaqları evlənirlər. Bu hala təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də rast gəlinir. Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri üzərində yaranır. Faiz nisbəti ilə götürsək, hər il dünyada doğulan körpələrin 8,5 faizi qohum nikahlarından doğulur. Azərbaycanda isə hər yüz ailədən 20-si bu cür nikahlara üstünlük verir. Bu evliliklər cəmiyyətdə heç də birmənalı qarşılanmır. Mütəxəssislər belə evliliklərin çoxalmasını insanların bir-birinə inamsızlığı ilə əlaqələndirirlər. Boşanmaların sayı artdığından insanlar bir-birlərinə etibar etmirlər. Bəzən bu evliliklər də istənilən kimi alınmır və ağır fəsadlara gətirib çıxarır. Hətta cinayətlər belə baş verə bilər. Qohumlar arasındakı yaxınlıq əlaqələri varkən, bunu bir az da möhkəmlətməyə can atırlar. Məsələnin pis tərəfi odur ki, ailələr qohum nikahı üçün çox zaman övladlarına təzyiq edirlər. Varlı, imkanlı tərəflər var-dövlətinin yad adama qalmasını istəmirlər. Qohum evlilikləri alınmayanda fəsadları daha acınacaqlı olur. Yaxın qohumlar arasında bağlar qırılır və hətta bu tendensiya ömürboyu davam edir. Araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Başqa sözlə, bu risk 2 dəfə artmış olur. Dünyanın bəzi ölkələrində birinci dərəcəli qohum evliliyi tamamilə qadağan edilib. Almaniyada, Amerika Birləşmiş Ştatlarının 24 ştatında əmiqızı-əmioğlu evliliyi tamamilə yolverilməzdir. Qohum evliliyi göstəricisi Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə bu 0,56%-dir. Suriya, Fələstin, Livan, Səudiyyə Ərəbistanı kimi İslam ölkələrində qohum evliliklərinin səviyyəsi aşağıdır. Türkiyədə vəziyyət, demək olar ki, Azərbaycanla eynidir. Ölkəmizdə qeydə alınan nikahların 56%-dən çoxu qohum evlilikləridir. Həkimlərin sözlərinə görə, ana bətnində heç bir problem yaşamayan, qüsuru olmayan körpənin dünyaya gədikdən sonra da müəyyən problemləri ortaya çıxa bilər. Buna görə də, qohum evlilikləri zamanı hərtərəfli tibbi müayinədən keçmək vacib sayılır. Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nikahları seçənlər xəstə övladlarının dünyaya gələ biləcəyi ehtimalını unutmamalıdırlar. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nikahlar heç də xoşbəxt ailə vəd etmir.