Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə müğənni Könül Kərimova ifadə verib.
O bildirib ki, M.Məmmədovanı məclislərin birindən tanıyır: "Məclisdə mənə yaxınlaşıb, özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim etdi. Bir neçə il keçəndən sonra oğlumu Rusiyada universitetə qəbul etdirəcəyini vədi verdi. Məlahət xanıma 32 min manat pul verdim. Sonra oğlumun işi orada alınmadı. Məlahət xanımla da əlaqə saxlaya bilmədim. Üç ildən sonra oğlum Rəşadı Gəncəyə köçürtdük".
K.Kərimova qeyd edib ki, M.Məmmədova ona həmin məbləğdən 11 min manatı geri qaytarıb.
M.Məmmədova söyləyib ki, K.Kərimovanın oğlunu ona verdiyi 12 min manatla Rusiyada 3 il oxutdurub: "Öz qızım da orada təhsil alıb. Yataqxananın qəbzləri də var. Rəşad gəlib evdən onu aparıb".
K.Kərimova M.Məmmədovanın dediklərinə etiraz edib: "Mən özüm artistəm. Heç "Azdrama"da Məlahət Məmmədova kimi artistlər yoxdur".
M.Məmmədova isə K.Kərimovaya 14 min manat pul qaytardığını söyləyib: "Qalan pulla da Könül xanımın oğlu Rəşadı Rusiyada oxutmuşam. Mən burada heç bir dələduzluq etməmişəm. Könül Kərimova bir dəfə də olsun ora gedib, oğlunun təhsili ilə maraqlanmayıb".
Məhkəmənin növbəti iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.
O, bu işə görə, K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.
O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.