Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
AQTA-dan Unikal.org-a bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.
Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro MMC-yə "Ketchi əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.