Evdən külli miqdarda pul oğurlayan qardaşlar saxlanılıb.
Unikal.org bildirir ki, hadisə Abşeron rayon Digah qəsəbəsində baş verib. Qəsəbə sakini Mehdiabad polis bölməsinə məlumat verib ki, mənzilindən 23 min manat pul və 18 min manatlıq qızıl zinət əşyaları oğurlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon polis idarəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul və Faiq Xəlilov qardaşlarını saxlayıb. Saxlanılan qardaşların bundan başqa Məhəmmədi, Mehdiabad qəsəbələrində də bənzər cinayətlər törətdikləri məlum olub.
Rayon polis idarəsinin əməliyyatçıları bundan başqa Masazır qəsəbəsində bir avtomobildən külli miqdarda pul oğurlayan şəxsləri də saxlayıb. Belə ki, zərərçəkmiş polisə bildirib ki, səhər işə gedərkən avtomobilin yan şüşəsini qıran şəxslər ordan 10 min dollar oğurlayıblar. Əməliyyat tədbirləri ilə qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıb.
Polisdən verilən məlumata görə, saxlanılan şəxslər Masazır qəsəbəsində xeyli avtomobildən və mənzildən oğurluq ediblər.
Goranboyda isə sürücü həmyerlisi ilə əlbir olaraq işlədiyi mağazadan oğurluq edib. Hadisə Goran qəsəbəsində yerləşən ticarət obyektlərindən birində baş verib. Mağazada sürücü işləyən Ağəsəf Seyidov gecə saatlarında həmyerlisi Elmir Əliyevlə obyektə daxil olub və seyfdən 17 min dollar oğurlayıb. Saxlanılan şəxslər obyektə müşahidə kamerasının olmadığı hissədən daxil olublar. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Elmir Əliyev sərhədi keçməyə cəhd edən zaman saxlanılıb.
Onlar oğurluq pulları bölsələr də, xərcləməyə macal tapmayıblar. Faktla bağlı araşdırmalar davam etdirlir.