Sentyabrın 14-də vəfat edən "İrşad Electronics MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumata anası reaksiya verib.
Mərhum İrad Hacıyevin anası Züleyxa Hacıyeva Unikal.org-a açıqlamasında vurğulayıb ki, övladın uzun illər ürəyində problem olub. Hətta bununla bağlı müalicə alırdı:
"(Ağlayır) Ancaq İradımı düşünürəm. 5 ilə yaxın məni İsraildə müalicə etdirirdi. Amma, özü isə ürək tutmasından dünyasını dəyişdi. Bu dəqiqə biz onun yoxluğunu qəbul edə bilmirik, dərdimiz özümüzə bəsdir. Onu deyim ki, balam haqqında KİV-lər düzgün məlumat yaysınlar. Balamın nə borcu, nə də ailə problemi olub.. İntihar etməsi ilə bağlı yayılan məlumat kökündən yalandır.
Əgər intihar etmək istəsəydi, nəyə görə İsrailə mənə müalicə üçün getməyə bilet alırdı? Hətta orada qalmaq üçün ev də kirayələmişdi. Oğlum heç vaxt intihar edə bilməz. Çünki o, məni hər kəsdən çox istəyirdi".
Mərhumun atası Ağahüseyn Hacıyev də övladının intiharı ilə bağlı yayılan xəbərlərə belə reaksiya verib: "Bu gün oğlumuzun intihar etməsi ilə bağlı yayılan xəbəri oxuyub dəhşətə gəldik. Bizim dərdimiz özümüzə bəsdir. Bir daha deyirəm, övladım İrad ürək tutmasından dünyasın dəyişib.
Unikal.org