Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.
Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Yüksək peşəkarlıqla və "isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini Rauf Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məluumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb.
Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.