"Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bəzi şəhid ailələrinin narazılığına münasibət bildirərkən deyib.
O bildirib ki, əgər nazirliyin saytında (www.mlspp.gov.az) "BİRDƏFƏLİK ÖDƏMƏ bölməsində axtarış zamanı birdəfəlik hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onun ailə üzvləri birdəfəlik ödəniş alıblar: "Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra adları çıxmayan bəzi hərbi qulluqçuların qohumları buna etiraz ediblər. Narazı olan şəxslər hər iki quruma, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlər Sığorta Kommersiya Şirkətinə müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq".
Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.