Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 16-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrə və Vyanada yerləşən qərargahlarının əməkdaşları Ceyson Aplon, Aleksandr Doqqen və BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüş zamanı DQİDK sədri qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib.
Bildirib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub.
BMqT-nin Azərbaycan Nümayəndəliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələrinin uğurla həyata keçirilməsindən məmnunluqlarını ifadə edən qonaqlar faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda M.Qurbanlı qonaqlara Dövlət Komitəsi tərəfindən dərc olunmuş kitablar hədiyyə edib.