Azərbaycan Dillər Universiteti və Serbiyanın Belqrad Universiteti arasındakı əməkdaşlığa əsasən yalnız təhsil sahəsi deyil, həmçinin ölkələrarası əlaqələrin inkişafına töhfə vermək məqsədi ilə digər sahələrlə bağlı araşdırmalar aparılır.
Unikal.org xəbər verir ki, bu araşdırmalar nəticəsində artıq Belqrad Universitetində Azərbaycan xalqının ədəbi-mədəni düşüncəsinin ən qədim və zəngin qaynaqlarını əhatə edən "Kitabi-Dədə Qorqud eposu və "Əli və Nino romanının tədris proqramına daxil edildiyi məlum olub.
ADU-nun Serb dili və mədəniyyəti mərkəzinin müdiri Lalə Məcidovanın verdiyi məlumata görə, adıçəkilən əsərlər 20 ilə yaxın müddətdə Belqrad Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alan tələbələrin oxuması vacib olan ədəbi kitablar siyahısında yer alıb.
Hər iki əsər serb dilinə tərcümə olunub və zaman-zaman geniş tirajla çap olunur.
Xatırladaq ki, "Kitabi-Dədə Qorqudu serb-xorvat dilinə türkoloq Slavolyub Cinciç tərcümə edib və 1981-ci ildə Belqrad şəhərində çap etdirib. S.Cinciç, eyni zamanda bu abidəyə dərin elmi əhəmiyyət kəsb edən müqəddimə yazıb. "Kitabi-Dədə Qorqud oğuzların epik tarixinin və mədəniyyətinin sintezidir adlanan bu tədqiqat işində qorqudşünas öncə tərcümə etdiyi bu nadir abidənin bədii dəyərindən, dünya ədəbiyyatında tutduğu mövqedən bəhs edib.
"Əli və Nino romanı isə Dusko Dukanoviç tərəfindən tərcümə olunub.
Qeyd edək ki, bu ilin dekabr ayında Belqrad Universitetində ADU-nun rektoru akademik Kamal Abdullanın, həmçinin müxtəlif ölkələrin elm xadimlərinin iştirakı ilə "Kitabi-Dədə Qorqud irsinin Avropada tədqiqi mövzusunda tədbir keçirilməsi nəzərdə tutulub.